Ən güclü “Android” sistemli smartfonlar məlum olub

Tarix: 29.08.2018

Smartfonların məhsuldarlığını yoxlayan Çinin "AnTuTu" şirkəti cari ilin iyulunda yoxlanılmış və ən yüksək bal toplamış qabaqcıl "ağıllı" qurğuların reytinqini tərtib edib.

292 min 977 bal toplamış "Xiaomi Black Shark" smartfonu reytinqdə ilk yeri tutub. Oyun smartfonu "Snapdragon 845" prosessoru, 8 giqabaytlıq əməli yaddaş, 256 giqabaytlıq daxili yaddaş və daxili maye soyutma sistemi ilə təchiz olunub.

"OPPO Find X" smartfonu ən məhsuldar "Android" sistemli smartfonların reytinqində 2-ci yerdə qərarlaşıb. Bu qurğunun orta məhsuldarlıq göstəricisi 286 min 589 bal olub. Model "Snapdragon 845" prosessoru, 8 giqabaytlıq əməli yaddaş və 256 giqabaytlıq daxili yaddaşla təchiz edilib.

Həmin reytinqdə 283 min 877 bal toplamış "VIVO NEX Ultimate" smartfonu 3-cü, 282 min 644 bal göstəricisinə malik "OnePlus 6" smartfonu isə 4-cü olub.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)