Ermənistan siyasətinin separatçılıq mahiyyəti tədricən üzə çıxır - RƏY

Tarix: 15.09.2023

Ermənistanın regiona kənar qüvvələr cəlb edərək vəziyyəti daha da gərginləşdirməyə və problemi uzatmağa çalışması artıq regionun digər dövlətləri tərəfindən də başa düşülür.

Bu sözləri  Milli Məclisin deputatı Sadiq Qurbanov deyib. O bildirib ki, rəsmi Tehran Ermənistanın yürütdüyü siyasətin əsl mahiyyətini artıq başa düşüb və bu siyasətin regionda sabitliyi pozmaq xarakteri daşımasını özü üçün dəqiqliklə aydınlaşdırıb.

İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahian ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon söhbəti onu deməyə əsas verir ki, Tehran rəsmi İrəvanın regiona Qərb dövlətlərini, xüsusilə onların hərbi kontingentini cəlb etməsindən çox narahatdır. İranın xarici işlər naziri rəsmi Tehranın etirazını erməni həmkarına çatdırıb. Bununla yanaşı qeyd edib ki, regionun problemləri 3+3 formatında (Türkiyə, Azərbaycan, İran, Ermənistan, Rusiya, Gürcüstan) danışıqlar yolu ilə həll etmək olar. Regionun aparıcı dövləti olan İran öz sərhədlərində kənar dövlətlərin hərbçilərinin yerləşdirilməsini təhlükəsizliyinə təhdid kimi qəbul edir.

Müasir dünyada separatçılıq dövlətlərin sabitliyini pozduğu üçün onlar bununla mübarizə aparmaq məcburiyyətində qalırlar. Buna baxmayaraq, nədənsə Ermənistanın separatçılığı diqqətdən kənarda qalır. Azərbaycan danışıqlar və reinteqrasiya təklif etdi, dəvətlər, təşəbbüslər oldu. Rəsmi Bakı bütün kommunikasiyaların açılması təklifini irəli sürdü, Xankəndiyə əlavə yollar, istənilən yük daşımalarına razılıq verdi. Lakin separatçı erməni rejimi bunlarla razılaşmayaraq bölgəyə kənar qüvvələrin cəlb edilməsinə çalışır. Bütün bunlar Ermənistanın sülh danışıqlarını istəmədiyini və qeyri-müəyyən vəziyyətin uzun müddət davam etdirməyə çalışdığını göstərir ki, bu da Azərbaycan ilə yanaşı, qonşu İranın da etirazına səbəb olur.

Deputat diqqətə çatdırıb ki, Ermənistanın müstəqil siyasət yürüdə bilməməsi, böyük dövlətlərin əlinin altında qalaraq müxtəlif siyasi sifarişlər yerinə yetirməsi sülhün uzanmasına səbəb olur. Lakin İranın Ermənistanın siyasətini anladığı kimi tədricən digər dünya dövlətləri də bu siyasəti başa düşəcəklər və “blokadada” yaşayan ermənilərin, əslində, kənar qüvvələrin təsiri ilə separatçılıqla məşğul olduqlarını görəcəklər.


https://azertag.az/xeber/ermenistan_siyasetinin_separatchiliq_mahiyyeti_tedricen_uze_chixir____rey-2749846