Fransanın Qafqaza yeni “səlib yürüşü”

Tarix: 11.03.2024

Bəzən siyasi ədəbiyyatda tarixin təkrar olunması haqqında faktlara rast gəlinir, bununla əlaqədar müxtəlif fikir və mülahizələr irəli sürülür. Məsələnin mahiyyəti ondan ibarətdir ki, formalaşan siyasətin ənənə halını alaraq əsrlərlə davam etməsi tarixin təkrarlanması reallığını ortaya çıxarır.

Bu mənada Fransa yeni “səlib yürüşü”nə başlayıb və qədim dövrdə olduğu kimi, yenə də ermənilərdən istifadə etməklə. Lakin yeni dövrdə Fransanın təşkil etdiyi “səlib yürüşü” Yaxın Şərqdəki deyil, Qafqazdakı müsəlmanlara qarşıdır.

İlk səlib yürüşü 1095-ci ildə Fransada Klermon kilsəsində Papa 2-ci Urban tərəfindən elan edilib. Fransa Kralı VII Lüdoviq yürüşün baş tutması üçün çox canfəşanlıq edib. İndi bu canfəşanlığı Prezident Emmanuel Makron edir. Səlib yürüşlərini orta əsrlərdə Avropanı bürüyən sosial-iqtisadi böhran şərtləndirmişdi. Bu gün də Avropanı bürüyən iqtisadi və enerji böhranı, inflyasiya qitə rəhbərlərini Şərqə doğru yürüşə həvəsləndirib. O dövrdə olduğu kimi, yenə də ermənilərdən istifadə olunur. Hədəf Azərbaycan və onun təbii sərvətləridir. Ermənilər isə fortpost rolunda çıxış edib tarixdə olduğu kimi, yenə də ənam almaq niyyətindədirlər. Tarixə nəzər salsaq, ermənilərin necə isti qoltuq axtarıb tapdıqlarının şahidi olarıq.

Erməni knyazı II Qaqik 1097-ci ildə səlib yürüşünə qoşulub və xaçlıların qulluğunda durub Yaxın Şərqdə müsəlmanlara qarşı ən qəddar üsullarla mübarizə apararaq tarixə düşüb. Qadın, kişi, qoca, uşaq demədən qarşısına çıxanı qılıncdan keçirib. Bunun müqabilində xaçlılar tərəfindən yaradılan Ərməniyəyə kral təyin edilib. Erməni çarı I Levon 1198-ci ildə səlib yürüşlərinə qoşularaq 5-ci və 6-ci yürüşlərdə iştirak edib. O da öz qəddarlığı ilə seçilib və əvəzində Ərməniyənin ərazisini genişləndirib.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan “Ermənilərin səlib yürüşlərində iştirakı” mövzusunda elmi iş yazaraq “elmlər doktoru” elmi tituluna sahib olub. Eks-prezident özünün elmi işində ermənilərin müsəlmanlara qarşı qəddarlığından fəxrlə bəhs edib və elmi cəhətdən “sübuta yetirib” ki, onlar tarixin müxtəlif dövrlərində böyük qüvvələrə xidmət edərək dövlət qura biliblər.

Bu gün həmin siyasət davam edir. Fərq, sadəcə, ondadır ki, o zaman atlarla və qılıncla yürüşə gedirdilər, indi isə top-tüfənglə.

Lakin bir məqamı unutmaq lazım deyil. Səlib yürüşləri zamanı türklər Antoxiyada erməni-fransız qoşununu darmadağın ediblər. Tarixin təkrar olunması tutarlı fakt kimi ortaya qoyulursa, deməli, müasir dövrümüzdə də bu cütlük darmadağın ediləcək. Tarixi müqayisə aparsaq deyə bilərik ki, müasir dövrdə erməni-fransız cütlüyünün birinci səlib yürüşünün qarşısı 2020-ci ildə 44 günlük Vətən müharibəsində alındı. Lakin bu dəfə ağalarına xidmət ermənilərin köməyinə çatmadı, Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi azad edildi. İndi insanlar yurd-yuvalarına qayıdaraq həyatlarını davam etdirirlər. Fransa isə tarixi siyasi ənənəsinə sadiq qalaraq Ermənistanı silahlandırıb buraya nüfuz etməyə çalışır.

Tarixin təkrar olunması faktı ilə yanaşı, tarixdən dərs almaq təcrübəsi də var. Azərbaycan tarixdən, Fransa və onun kimi digər Avropa dövlətlərinin riyakarlığından, eqoizmindən, başqalarına necə yaşamağı öyrətməyindən, ikili standartlar siyasətindən yaxşı dərs çıxarıb. Azərbaycan bu dərsdən yaxşı nəticə çıxararaq, hazırda regiona müdaxilə edib sabitliyi pozmaq cəhdinin qarşısını alacaq qüvvəyə çevrilib.