BRİH və YAP Binəqədi RT-nın birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirildi.

Tarix: 02.05.2023


26 aprel 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirildi.
Konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkili Kəmaləddin Qafarov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri,“Unity Company” şirkətinin direktoru Fikrət Əliyev, ictimaiyyət nümayəndələri və gənclər iştirak edirdilər.
Konfrans Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qonaqları salamlayaraq “Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlərdən söhbət açaraq qeyd etdi ki, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Xalqımızın Ümummilli Liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz ümummilli lider Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Vətəni və xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd edilir.
Konfransda növbəti çıxış edən millət vəkili Kəmaləddin Qafarov qeyd etdi ki, ümummilli lider Heydər Əliyev xalqın birliyi yolunda göstərdiyi fəaliyyəti hər bir soydaşımız üçün örnəkdir. "Azərbaycan mənim ürəyimdir, nəfəsimdir”—deyən Ulu Öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Ulu Öndər hər zaman xalqa arxalanır və deyirdi: "Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu vətənini və millətini düşünmüş Ümummilli Liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ulu Öndərin həyat və fəaliyyəti bizim üçün güc mənbəyidir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Ümummilli Liderimizin izi olmasın. Bugünkü Azərbaycanın sürətli inkişafının təməl daşları da məhz Ümummilli Lider Heydər Əliyevin qüdrətli əlləri ilə hörülüb.
Konfransda çıxış edən “Unity Company” şirkətinin direktoru Fikrət Əliyev qeyd edib ki, müstəqil Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır. Ulu öndər Heydər Əliyev bəşəriyyətin nurlu, cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyub. O, tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlətin inkişaf strategiyasının əsasını qoyan, azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacaqdır. Dövlətimiz ümummilli liderimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun davamçısı olan ölkə Prezidenti İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərliyi sayəsində müstəqilliyini və suverenliyini qoruyub saxlayacaq, daha da böyük qələbələrə aparacaqdır.
Yekun nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd etdi ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın inkişafı əbədi surətdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Uli Öndər şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. İntibah və milli şüurun oyanışı ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəaliyyətləri ilə fərqlənən bir qrup Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəallarına Fəxri fərmanlar təqdim olundu.