İctimai-siyasi fəal Kubra Əliyarlı: "İnformasiya mübarizəsində bütün gücümüzü səfərbər etməli, dünya birliyinin tam dəstəyini qazanmalıyıq"

Tarix: 26.02.2020

Xalqımız üçün çox ağır və kədərli tarixi gün ərəfəsindəyik. Fevral ayının 26-da ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının 28-ci ildönümüdür. Bu ağrılı, acılı tarix millətimizin yaddaşından və qəlbindən heç zaman silinməyəcək. 613 nəfər dinc soydaşımızın vəhşicəsinə, xüsusi qəddarlıqla və işgəncə üsulları ilə qətlə yetirildiyi, 487 nəfərin ağır yaralandığı, 1275 nəfərin itkin düşdüyü və Xocalı şəhərinin işğal edildiyi o gün əslində təkcə biz azərbaycanlılara qarşı deyil, bütün dünyaya qarşı bir təhdid və misli görülməmiş qətliam idi. Hər birimizə məlumdur ki, ermənilər tarixən Azərbaycan torpaqlarına qarşı əsassız iddialarda olmuş və bunun ən acı nəticələrini yaşamalı olmuşuq. Tarixi Qarabağ torpaqlarımızın zəbt edilməsi də Ermənistanın tarixən başlatdığı və beynəlxalq hüququn, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu işğalçılıq siyasətinin davamı idi. Azərbaycan torpaqları üzərindən məkrli niyyətlərini həyata keçirərək özlərinə qondarma dövlət quran bu millət əslində törətdikləri əməllərlə insanlıqdan nə qədər kənar məxluqlar olduqlarını göstərdilər. Onların əsl xisləti Zori Balayanın “Ruhumun dirçəlişi” əsərində bir daha etiraf edilmiş oldu. Körpələri, qadınları, yaşlı insanları öldürməkdən, onlara zülm verməkdən çəkinməyən, bunu fəxrlə danışan millət bütün dünya üçün əsl təhlükədir. Bu baxımdan hesab edirəm ki, bütün dünya ermənilərin işğalçılıq və azərbaycanlılara qarşı etniktəmizləmə siyasətinə qarşı olmalı, günahsız insanların qətlinə öz səsini ucaltmalı, Azərbaycanın haqlı mövqeyini müdafiə etməli, Xocalı qətliamını törədən. əli körpələrin qanına bulaşmış günahkarların beynəxalq hüquq qarşısında öz layiqli cəzasını almalarına çalışmalıdırlar. Çünki bu faciəni törədənlərin azadlıqla gəzməsi bütün bəşəriyyətə qarşı edilmiş bir haqsızlıqdır.

Xocalı faciəsinin dəhşətləri danışmaqla bitməz. Yer üzündə rast gəlinən ən vəhşi soyqırım faktlarından biridir. Bu faciə ilə əlaqədar çoxsaylı kitablar, məqalələr yazılsa da, kampaniyalar keçirilsə də xalqımız daha da qətiyyətli olmalı, Xocalı soyqrımının bütün dünyaya tanıdılması, çatdırılması üçün informasiya mübarizəsində səylə çalışmalıdır. Mən bu işdə gənclərimizi daha fəal olmağa səsləyirəm. Bu faciə heç bir zaman unudulmamalıdır, gələcək nəsillərimizə çatdırılmalıdır. Bu istiqamətdə dövlətimiz və diaspor təşkilatlarımız tərəfindən çoxsaylı tədbirlər həyata keçirilir. Lakin ermənilərin məkrli əməllərini nəzərə alaraq bir an belə dayanmaq olmaz. İnformasiya mübarizəsində bütün gücümüzü səfərbər etməli, dünya birliyinin tam dəstəyini qazanmalıyıq.

İnanıram ki, torpaqlarımız tezliklə işğaldan azad olunacaq, ərazi bütövlüyümüz bərpa ediləcək, şəhidlərimizin, qətlə yetirilmiş dinc soydaşlarımızın qanı yerdə qalmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!