İspaniyada 2022-ci ilin qastronomiya paytaxtını seçiblər

Tarix: 31.01.2022


İspaniyanın cənubunda, Əndəlüs muxtar icmasının tərkibinə daxil olan Kadis əyalətində yerləşən kiçik Sanlukar-de-Barrameda şəhəri 2022-ci ildə İspaniyanın qastronomiya paytaxtı elan olunub.

AZƏRTAC xəbər verir ki, təqribən 70 min əhalisi olan Sanlukar-de-Barramedanın mətbəxində əsasən şəhərin ad-san qazanan yerli məhsullarından istifadə olunur. Məsələn, burada kartofun dadlı növü yetişdirilir.

Yerli qastronomiyada dəniz məhsulları da mühüm yer tutur, çünki, Sanlukar-de-Barrameda ilə yanaşı balıqçı limanı yerləşir.

Bundan başqa, Sanlukar-de-Barramedada xeres şərabının yerli variantı olan mansanilya istehsal edilir. Xamon (qaxac edilmiş donuz budu) ilə çox gözəl uyğunlaşan bu şərab növü həm ət, həm də balıq yeməkləri ilə süfrəyə verilir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid