KOBİA İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu ilə əməkdaşlıq edəcək

Tarix: 15.09.2023

İstanbulda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

KOBİA-dan sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və SMIIC-in baş katibi İhsan Övüt imzalayıblar. Anlaşma Memorandumunda ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi, bu istiqamətlərdə mövcud imkanlara, eləcə də keçirilən müxtəlif tədbirlərə, sərgi və yarmarkalara dair məlumat mübadiləsi və dəstək məsələləri nəzərdə tutulur.

İmzalanma mərasimi çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SMIIC-in baş katibi İhsan Övüt müvafiq Anlaşma Memorandumundan irəli gələn məsələləri və əməkdaşlıq imkanlarını müzakirə ediblər. KOBİA sədri görüş zamanı 2024-cü ildə Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan Halal Biznes və Turizm Forumu barədə məlumat verib və SMIIC-i forumun işində fəal iştiraka dəvət edib.



https://azertag.az/xeber/kobia_islam_olkeleri_uchun_standartlar_ve_metrologiya_institutu_ile_emekdasliq_edecek-2749931