Kubra Əliyarlı: "Namizədliyimin irəli sürülməsi gəncliyə göstərilən yüksək etimaddı

Tarix: 24.01.2020

Müsahibim 9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə deputatlığa namizədi Kubra Əliyarlıdır

Namizəd haqqında qısa məlumat: 1987-ci ildə Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 2005-ci ildə Binəqədi rayonu 283 nömrəli tam orta ümumtəhsil məktəbinin 11-ci sinfini əla qiymətlərlə bitirib. 2010-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomla bitirib. 2019-cu il də Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb. Hazırda Naxçıvan Dövlət Universitetində Sosial iş ixtisası üzrə magistr təhsili alır. 2006-2010-cu illərdə "Səs" qəzetində müxbir işləyib. Artıq 20 ildən çoxdur ki, Binəqədi rayonunda yaşayır. 18 yaşından Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Binəqədi rayon təşkilatında aparatın baş məsləhətçisidir. Təşkilatın gənclər birliyinin şura və qadınlar şurasının üzvüdür. Məhz deputatlığa namizədliyinin irəli sürüldüyü dairədən III, IV və V çağırış Bələdiyyə seçkilərində yüksək səs çoxluğu ilə qalib gəlib. 10 ildən çoxdur ki, Binəqədi Bələdiyyəsinin üzvü, komissiya sədridir. İki kitabın, yüzlərlə siyasi məqalənin və hekayələrin müəllifidir.
- Kubra xanım, istərdik namizədliyinizin irəli sürülməsi ilə bağlı fikirlərinizi eşidək. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin bu qərarını necə qarşıladınız?
- Çox böyük qürurla və fəxrlə bildirirəm ki, Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə seçkilərə irəli sürülən 123 namizəd içərisində mənim də adım var və mənim namizədliyim 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə irəli sürülüb. Namizədliyimin irəli sürülməsinə görə ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevə və partiyanın İdarə Heyətinə təşəkkürümü bildirirəm. Bu, təkcə mənə deyil, mənim timsalımda Azərbaycan qadınlarına və gəncliyinə göstərilən diqqət və qayğının, yüksək etimadın bariz nümunəsidir. Bildiyimiz kimi, dövlət başçısı İlham Əliyevin rəhbərliri ilə ölkəmizdə kadr islahatları davam etdirilir, savadlı, peşəkar gənc kadrların irəli çəkilməsi, cəmiyyətimizdə layiqli təmsil olunması istiqamətində mühüm işlər görülür. Təbii ki, gənclərimizin seçkilərdə iştirakı, seçkili orqanlarda təmsilçiliyi olduqca əhəmiyyətli və lazımlıdır. Yeni Azərbaycan Partiyası tərəfindən gənclərin namizədliyinin irəli sürülməsi də dövlət-gənclər siyasətinə və partiyanın gənc fəallarına olan böyük etimaddır. Bu etimadın məsuliyyətini öz üzərimizdə hiss edirik və hər zaman doğrultmağa hazırıq. Seçkilərə qatılmağımız bizim üçün əsl siyasi təcrübə, seçki təcrübəsi, eləcə də, vətəndaşlarımızla daha sıx ünsiyyətdə olmağımız üçün ən gözəl imkandır.
- Qeyd etdiniz ki, namizədliyiniz 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə irəli sürülüb. Niyə, məhz Binəqədi rayonu?
- Məni Binəqədi rayonu ilə bağlayan bir çox amillər var. Mən bu rayonda böyümüşəm. Orta təhsilimi başa vurmuşam. Artıq 20 ildən çoxdur ki, bu rayonda yaşayıram. 10 ildən çoxdur ki, rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirəm. Hazırda YAP Binəqədi rayon təşkilatının aparatında çalışıram. Xüsusi qeyd etməliyəm ki, deputatlığa namizədliyimin irəli sürüldüyü 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə III, IV və V çağırış Bələdiyyə seçkilərinin yüksək səs çoxluğu ilə qalibiyəm. 10 ildən çoxdur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin üzvüyəm, hazırda komissiya sədriyəm. Bir sözlə, bu rayon və bu rayonun sakinləri ilə gündəlik təmasda və sıx ünsiyyətdəyəm. Onların dəstəyini daim hiss etmişəm, növbəti seçkilərdə də hiss edəcəyimə ümidvaram. Mən də, öz növbəmdə, bələdiyyə üzvü kimi hər zaman onların hüquqlarını müdafiə etmişəm. Bundan sonra sakinlərimizə ləyaqətlə xidmət etməyə hazıram.
- İstərdik ki, seçki platformanız haqqında məlumat verəsiniz. Bu, seçicilər üçün də maraqlı olar.
- Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün ölkəmizdə çoxsaylı iqtisadi və sosial islahatlar həyata keçirilir, yeni infrastruktur layihələri icra olunur, əhalinin rifahının daha da yüksək səviyyədə təmin edilməsi, ictimai-siyasi sabitliyin davamlı və daha da möhkəm olması istiqamətində mühüm işlər görülür. Bizlər də hər birimiz bir vətəndaş olaraq, daşıdığımız statusdan, mövqedən asılı olmayaraq, dövlət başçının siyasətinə dəstək verməli, onunla birgə olub, dövlətimizin, doğma vətənimizin çiçəklənməsinə var gücümüzlə dəstək olmalıyıq.
Təbii ki, seçkilərə hərtərəfli görüləcək işləri nəzərdə tutan geniş platforma ilə gedirik. Bizə aydındır ki, Binəqədi rayonunda əhalini narahat edən, həllini gözləyən bir sıra məsələlər var. Bunları görürük və bilirik. Seçki platformamızda bütün sahələri əhatə edəcək mühüm islahatlara dəstək verməyi, çoxsaylı təşəbbüslərlə çıxış etməyi qarşımıza məqsəd qoymuşuq. "10 addım paketi" adlandırılan seçki platformamızda, xüsusilə, vurğulamışıq ki, vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması, həmişə prioritet vəzifələrimizdən olacaq, ölkəmizin iqtisadiyyatının hərtərəfli inkişafı üçün sahibkarlara dəstək siyasəti davam etdiriləcək, sosial rifahının yaxşılaşması siyasəti davam etdiriləcək, əmək haqları, pensiyalar və müavinətlər müntəzəm olaraq artırılacaq, təhsilin səviyyəsinin artırılması üçün davamlı addımlar atılacaq, icbari tibbi sığorta tətbiq ediləcək, əhaliyə səhiyyə xidməti ciddi şəkildə yaxşılaşacaq, ailə institutunun möhkəmlənməsi, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində olacaq, ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində fəaliyyət davam etdiriləcək, ordumuzun müasir tələblərə cavab verməsi siyasəti daha da gücləndiriləcək, gənclərin hərtərəfli inkişafı dövlətin əsas fəaliyyətindən biri olacaq, dünya enerji təhlükəsizliyində Azərbaycanın rolu daha da artacaq, neftdən gələn gəlirlər ölkənin prioritet inkişaf istiqamətlərinə yönəldiləcək, Azərbaycanın beynəlxalq birlikdə nüfuzunun artması istiqamətində fəaliyyət davam etdiriləcək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması prosesinə yeni təkan veriləcək. Bunlar görüləcək işlərin az bir hissəsidir. Seçicilərimizin bütün təkliflərini, onları narahat edən məsələləri ölkəmizin qanunverici orqanının kürsüsündən səsləndirməklə və aidiyyatı səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmaqla, onların həllinə çalımaqla onların etimadını doğrultmağa çalışacağam. Bir sözlə, xalqımıza xidmət etmək mənim üçün şərəf olacaq. Dövlət başçısı Cənab İlham Əliyevin vətəndaşlarımıza münasibəti bizim üçün əsl nümunə olmalıdır. Prezident çıxışlarının birində qeyd etmişdir ki, hər bir Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Hər bir dövlət məmuru insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Onlar xalqa xidmət səviyyəsi ilə fərqlənməlidirlər. Millət vəkili seçilərəmsə, seçicilərimizə xidmət səviyyəmizlə fərqlənməyi qarşıma əsas məqsəd olaraq qoymuşam.
- Təbliğat görüşlərinizə artıq başlamısınız. Görüşlərinizlə bağlı nələri deyə bilərsiniz?
- Bildiyimiz kimi, yanvar ayının 17-dən etibarən namizədlərin təbliğat-təşviqat kampaniyasna artıq start verilib. Gecə saat 12-dən etibarən təbliğat plakatlarımız müvafiq məntəqə-seçki komissiyalarının məlumat lövhələrinə yapışdırılıb. Silsilə görüşlərimizə başlanılıb. Əhalinin bütün təbəqəsi ilə istər seçki qərargahımızda, istərsə dövlət tərəfindən təbliğat məqsədilə ayrılan açıq və qapalı yerlərdə, eləcə də yerlərdə, məhəllələrdə seçicilərimizlə çoxsaylı görüşlərimizin keçirilməsini nəzərdə tutmuşuq. Müxtəlif çap materialları, seçki platformamızın, namizədlər haqqında məlumatların, müxtəlif sahələrdə görülən işlərin hesabatının əks olunduğu nəşrlər və geyimlər hazırlanıb. Bu məlumatlandırıcı materiallar görüşlər vaxtı və digər aksiyalar zamanı seçicilərə paylanılır. Təbliğatımız mətbuatda və sosial şəbəkələrdə geniş işıqlandırılır. Yeni Azərbaycan Partiyası seçkilərə hazırlıq məqsədilə "yap2020.az" saytını təqdim edib. Burada partiyanın bütün namizədlərinin təbliğat görüşlərinə, müsahibələrinə orada geniş yer verilir. Bir sözlə, müasir dövrümüzdə medianın və sosial şəbəkələrin rolunu nəzərə alaraq, təbliğatımızı həm də bu platformalarda cəmiyyətə və seçicilərimizə çatdırırıq.
Yeni Azərbaycan Partiyası tərəfindən seçki prosesinin izləməsi üçün partiyanın seçki təcrübəsi olan fəaalrından ibarət məşvərətçi və müçahidəçilər müəyyən edilib.
- Millət vəkili seçilsəniz, qadınların və gənclərin təmsilçisi kimi hansı işlərin görülməsini təklif edəcəksiniz? Ümumiyyətlə, qadınların və gənclərin bu gün statusu sizi qane edirmi?
- Qadınlarımızın və gənclərimizin hərtərəfli inkişafı, onların cəmiyyətimizin müxtəlif sahələrinin fəaliyyətində səmərəli iştirakı məqsədilə dövlətimiz tərəfindən mühüm və məqsədyönlü islahatlar həyata keçirilir. Ölkəmizdə uğurlu qadın və gənclər siyasəti yürüdülür. Bu gün Azərbaycan qadını və gənci istər ölkəmizdə, istərsə də ölkəmizin hüdudlarından kənarda dövlətimizi və xalqımızı layiqincə təmsil edir. Onlar öz savadı, təhsili, istedadı, dünyagörüşü, peşəkarlığı, vətənpərvərliyi ilə örnək ola biləcək insanlardır. Xüsusilə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qadınlarımızın və gənclərimizin cəmiyyətimizdə yerinin və rolunun artırılması üçün gördüyü işlər əsl stimuldur. Bu potensialda olan minlərlə belə qadınımız və gəncimiz var. Əsas məqsədlərimizdən biri də, məhz bu potensialda olan qadınlarımızın və gənclərimizin önə çəklməsi, onların daha da fəallaşdırılmasına çalışmaqdır. Bu siyasətin bundan sonra uğurla həyata keçiriləcəyinə və qarşıda duran məsələlərin həllinə bundan sonra da səy göstəriləcəyinə ümidvarıq. Təbii ki, qadınlarımız və gənclərimiz də üzərinə düşən məsuliyyəti daim hiss etməli, göstərilən etimadı doğrultmalı, daim öz üzərində çalışmalı, dövlətimizi və xalqımızı ən ali tribunalarda təmsil etmək iqtidarında olmalıdırlar. Qadınların və gənclərin statusu bundan sonra da artmalı, idarəetmə və seçkili orqanlarda daha geniş təmsil olunmaqla, bu sahədəki həlli vacib məsələlərin reallaşmasına birgə çalışmalıyıq. Qadınlarımızın və gənclərimizin hüquqlarının daim müdafiəsi, məişət zorakılığına məruzə qalmış qadınlara daim dəstək olmalı, erkən nikaha qarşı qətiyyətlə mübarizə aparacağıq.
- Son olaraq seçicicilərinizə nə demək istərdiniz?
- Əgər mənə etimad göstərib, seçkilərdə qələbə qazanmağıma dəstək olarlarsa, millət vəkili seçərlərsə onlara ləyaqətlə, vicdanla xidmət edəcəyimə söz verirəm. İnanıram və ümid edirəm ki, ötən 3 bələdiyyə seçkisində mənə qalibiyyət sevincini yaşadan seçicilərimiz yenidən məni qalib edəcəklər. Bələdiyyə üzvü kimi ümumi iclaslarda müzakirə olunan bütün məsələlərdə daim vətəndaşın yanında olmuşam, onların hüquqlarının ən yüksək səviyyədə təmin edilməsinə səs vermişəm. Verilən qərarlarda onların maraqlarını nəzərə almışam. Bu rayon, rayonun insanları, sakinlərimiz mənim üçün çox doğma və əzizdir. Bu rayonun sakinlərinin üzləşdiyi müəyyən problemlər mənə yad deyil. Bu məsələlərin həllinə səfərbər olacam, insanların daim yanında olaraq, onlara bütün məsələlərdə kömək edəcəm, dəstək olacam. Mən bütün dövlətimizə, xalqımıza xidmət etməyi özümə şərəf bilirəm və bu yolda sizlərə fəxarətlə xidmət etmək də ən müqəddəs, ali missiyalarımdan biri olacaq. Sonda hər bir seçicini gəncliyə səs verməyə çağırıram. Daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram.


"Səs" qəzeti