Mahir Məmmədov: “Şahmat Akademiyasına böyük ümidlər var”

Tarix: 08.04.2024

“İlin ilk iclasında mühüm məsələlər müzakirə edildi. İlk növbədə növbəti konfransın mayda keçirilməsi barədə razılığa gəldik”.

sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qurumun rəsmi saytına müsahibəsində İcraiyyə Komitəsinin ötən həftə keçirilmiş iclası barədə danışarkən deyib.

O, yığıncaqda gələcəkdə yığma komandaların tərkibinin müəyyənləşdirilməsində Azərbaycan çempionatında iştirakın vacib hesab edilməsi ilə bağlı müzakirə aparıldığını bildirib: “AŞF rəhbərliyi növbəti illərdə bütün aparıcı şahmatçıların ölkə çempionatında iştirakına nail olmağa çalışır. 2025-ci ildən milli komandaların formalaşmasında Azərbaycan çempionatında iştirak amilinin əsas götürülməsini istəyirik. Sözsüz, şahmatçının beynəlxalq yarışlarda uğurlu iştirakı, reytinqi də vacibdir. Amma ölkə çempionatında mübarizə aparmaq da əsas amillərdən biri olacaq”.

Federasiya prezidenti iclasda toxunulan digər məsələlərdən də söz açıb: “Peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə şahmatı tədris edən məşqçilərin sertifikatlaşdırması məsələsi geniş müzakirə olundu. Vacib məsələlərdən biri İcraiyyə Komitəsinin üzvlərinin federasiyanın komissiyalarının işində iştiraka cəlb olunması idi. Hər bir üzvə müəyyən sahəni həvalə etdik, bundan sonra komissiyaların işi kurasiya olunacaq və birgə çalışacaqlar”.

Nicat Abasovun Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirindəki çıxışını da şərh edən M.Məmmədovun sözlərinə görə, yarışda əsas mübarizə irəlidədir: “Nicata uğurlar arzu edirik. İcraiyyə Komitəsinin iclasında şahmatçımızın zəngin hazırlıq mərhələsində iştirakı qeyd olundu. Artıq onun məşqçilərinin adı sirr deyil. Nicatla birgə Torontoya yollanan Şəhriyar Məmmədyarov sekundant-məşqçi kimi Nicata dəstək olur. Hazırlığa istedadlı şahmatçımız Abdulla Qədimbəyli də cəlb olunmuşdu. Dünyanın aparıcı şahmat mütəxəssisləri - Vladimir Çuçelov və Boris Gelfand kimi şahmatda tanınan adlar Nicatın hazırlığında iştirak edib”.

O, Vladimir Çuçelov və Boris Gelfandla əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb: “İlk növbədə Azərbaycanda da təcrübəli məşqçilərin olduğunu qeyd etməliyəm. Yaxşı məşqçilərimiz olmasaydı, bu sayda istedadlı şahmatçı inkişaf etməzdi. Bununla yanaşı, dünya şahmat təcrübəsi bizə çox vacibdir. Vladimir Çuçelov və Boris Gelfand kimi mütəxəssislərin ölkəmizə səfəri sıradan hadisə deyil. Nicat Abasovun hazırlıq dövrünə təsadüf etdiyi üçün həm onunla təlim-məşq toplanışında iştirak etdilər, həm də gənclərə seminarlar, təkbətək məşğələlər keçirildi. Mütəxəssislərin ikinci səfəri zamanı verilən tapşırıqlara əməl olunması yoxlanıldı, o cümlədən hazırlığın monitorinqi aparıldı. Hazırda Gelfand və Çuçelov şahmatçılarımızla məşqləri həm onlayn, həm də əyani şəkildə davam etdirir”.

M.Məmmədov federasiyanın nəzdində fəaliyyət göstərən Şahmat Akademiyası barədə də danışıb: “Gənc və istedadlı şahmatçılarımızın hazırlığını düzgün istiqamətləndirmək üçün federasiya nəzdində Şahmat Akademiyasının yaranması barədə elan verildi. Akademiyanın işinə böyük ümidlər var. Burada Azərbaycanın tanınmış məşqçiləri müxtəlif yaş kateqoriyalarında gənclərlə təcrübələrini bölüşürlər. Fərqlənən şahmatçıların yarışlarda iştirakını təmin etmək barədə düşünürük. Ümumiyyətlə şahmatçılara ustalığını artırmaq üçün dövlət və federasiya tərəfindən lazımi şərait yaradılır. Şahmatçılarımızın həm ölkədə keçirilən, həm də beynəlxalq turnirlərdə iştirakı təmin olunur. Azərbaycan çempionatının mükafatçıları dünya və Avropa çempionatlarına ezam edilirlər. Bundan əlavə, müəyyən reytinqə malik şahmatçıların kommersiya turnirlərində iştirakına maliyyə ayrılır”.