Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni inkişaf hədəflərinə doğru qətiyyətlə addımlayır

Tarix: 04.04.2022


Aprel ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezident seçkilərində xalqın etimadını qazanaraq yenidən ölkə Prezidenti seçilməsinin 4-cü ili tamam olur. Azərbaycan xalqının ümummilli lideri, müasir və müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələri əhatə edən davamlı və dayanıqlı inkişafa nail olduğumuz siyasi strategiya müəyyən edilərək, uğurla icra olundu. Məhz dahi şəxsiyyət Heydər Əliyev uzaqgörənliyinin və məqsədəuyğun siyasətinin nəticəsi olaraq Azərbaycan təkcə daxili sabitliyə və inkişafa deyil, həmçinin beynəlxalq müstəvidə də nüfuzunun və mövqeyinin möhkəmlənməsinə nail oldu. Ulu öndər Heydər Əliyevin siyasi kursu ilə ölkəmiz çiçəkləndi, qüdrətləndi, vətəndaşlarımızın maddi-rifah halı və yaşayış şəraiti yüksəldildi. Sevindirici və qürurverici haldır ki, ümummilli lider Heydər Əliyevin siyasi varisliyi uğurla davam edir və ötən illər ərzində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu uğurlarımız daha da artır, ölkəmizin inkişafı üçün müxtəlif sahələri əhatə edən dövlət proqramları icra olunur. Beləliklə, xalqımız ulu öndər siyasətinə etimad göstərir, onu dəstəkləyir və gələcəkdə bu siyasi varisliyin dövlətimizi daha da inkişaf etdirəcəyinə əminliklə inanır. Bu inam və etimad ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda özünü bariz şəkildə sübut edir. İstər Prezident, istər Milli Məclisə, istərsə də bələdiyyə orqanlarına keçirilən seçkilərdə dövlət başçımızın sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinin yüksək səs çoxluğu ilə qələbə qazanması xalqın etibarının təcəssümüdür. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan xalqı prezident seçkilərində daha da fəallıq göstərərək xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasətə səs verir.

Tarixi və siyasi əhəmiyyətli seçki prosesindən biri də 2018-ci ilin aprel ayının 11-də ölkəmizdə keçirilən prezident seçkiləridir. 8 namizədin iştirak etdiyi seçki marafonunda Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyini, yəni 86,02 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqının iradəsinin və seçiminin əks olunduğu prezident seçkilərində xalqımız cənab İlham Əliyevin ötən prezidentliyi müddətində həyata keçirdiyi islahatlara, görülən işlərə yüksək qiymət verdi. Ən böyük və əvəzsiz nemətimiz olan, hər bir vətəndaşımızdan yüksək məsuliyyət tələb edən ictimai-siyasi sabitliyimiz, təhlükəsizliyimiz və inkişafımız cənab İlham Əliyevin yenidən Prezident seçilməsinin səbəblərindəndir. Yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları və “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşərək, seçkilərin azad, şəffaf və demokratik prinsiplər əsasında keçirildiyini göstərdi.

2018-ci ilin 11 aprelində keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev ötən 4 il ərzində də ulu öndər siyasi kursuna sədaqətini əməli fəaliyyəti ilə sübut etdi. Belə ki, ölkəmiz böyük inkişaf yolu keçərək, davamlı tərəqqiyə nail oldu. Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmləndi, dövlətimiz gücləndi, onun qüdrəti və iqtisadiyyatı daha da artdı, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənərək milli maraqlarımızın təmin olunması istiqamətində ciddi və təxirəsalınmaz işlər görüldü. Xalqın rifahı, vətəndaş məmnunluğu dövlət siyasətinin strateji prioritetləri oldu. Dövlət başçısı cənab İlham Əliyevin də çıxışlarında dəfələrlə bəyan etdiyi kimi, bu siyasətin əsasında vətəndaş amili, onların maraq və mənafeyinin müdafiəsi və möhkəmlənməsi dayanır. Həmçinin 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, Azərbaycanın siyasi səhnəsində radikallara yer yoxdur və Azərbaycan xalqı bu ünsürlərə bir daha öz yerini göstərdi.

Rəsmi statistik göstəricilərə, beynəlxalq təşkilatların rəylərinə baxsaq, ölkəmizdəki inkişafın dünyada qəbul edildiyinin və təqdir olunduğunun şahidi olarıq. Artıq dünya ölkələri və beynəlxalq təsisatlar Azərbaycanın müstəqil siyasətini, qüdrətini qəbul edir, bu inkişaf tempinin dünya miqyasında anologiyası az olan fakt kimi diqqətə çatdırırlar. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratdı.

Eyni zamanda Prezident cənab İlham Əliyev hər bir dövlətin inkişafının əsas amili rolunda çıxış edən iqtisadi sahənin inkişafına və iqtisadi potensialımızın sürətlə artırılmasına yönəlmiş islahatların təşəbbüskarı kimi çıxış edir. İrimiqyaslı beynəlxalq və regional iqtisadi layihələrin Bakıda “Cənub Qaz Dəhlizi”nin, Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin və s. gerçəkləşməsi iqtisadi inkişafımızın daha da artmasına əsaslı səbəb oldu. Həmin illər ərzində ölkəmizdə 15 min kilometr yeni yol çəkilişinin təmin edilməsi, altısı beynəlxalq statusa malik olmaqla yeddi aeroportun tikilməsi, Xəzər dənizində ən böyük yeni ticarət limanının inşası yol və nəqliyyat infrastrukturunun sürətlə inkişafının göstəricisidir. Azad sahibkarlığın, qeyri-neft sektorunun, sosial infrastrukturun, su təchizatının, kənd təsərrüfatının inkişafı yönündə atılan addımlar da öz müsbət bəhrəsini verməkdədir.

2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil oldu. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5, strateji valyuta ehtiyatları 26,6, xarici ticarət dövriyyəsi 4,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə artdı. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə endi, 245 min nəfər məcburi köçkün mənzillə təmin olundu.

Bütün bunlarla yanaşı elmin, təhsilin, mədəniyyət və incəsənətin, idmanın inkişafı istiqamətində də mühüm işlər görüldü, gənclərimizin hərtərəfli inkişafına, onların xaricdə təhsil alaraq dövlətimizə və xalqımıza layiqli vətəndaşlar və kadrlar olaraq yetişmələri üçün çoxsaylı dövlət gənclər proqramları həyata keçirildi.

Ümumilikdə nəzər salsaq, bu illər milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sürətli inkişafı, peşəkarlığı, vətənpərvərliyi və əzmkarlığı sayəsində ərazi bütövlüyümüzün bərpası istiqamətində də bir sıra tarixi uğurlara imza atıldı və taleyimizə qızıl hərflərlə əbədi həkk olundu. Böyük qayıdışın başlanğıcı olan 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsindəki tarixi zəfərimizdə də müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizdə xalq-iqtidar-ordu həmrəyliyinin əvəzsiz rolu oldu. Məhz bu qalibiyyətimizlə 30 ilə yaxın idi ki, erməni işğalı altında olan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa olundu, xalqımızın sınmış qüruru özünə qaytarıldı. Dövlət başçısı cənab İlham Əliyevin Azərbaycana bundan sonrakı rəhbərliyi dövründə də dövlətimizin və xalqımızın daha böyük nailiyyətlər qazanacağına, azad edilmiş torpaqlarımızın yenidən dirçəldilərək əvvəlki görkəminə və inkişafına sahib olacağına əminik. İnanırıq ki, ulu öndər Heydər Əliyevin də dediyi kimi, Azərbaycan bundan sonra da dünyaya günəştək doğacaq!

 

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri