Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ideal məkana çevirir –

Tarix: 19.03.2024

Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada yerləşməsinə baxmayaraq, Azərbaycanın “Global Terrorism Index 2024”də dünyanın ən təhlükəsiz ölkəsi kimi bəyan olunması Prezident İlham Əliyevin böyük Zəfərimizlə nail olduğu tarixi uğurdur.Düzdür, artıq on illərdir ki, ictimai qayda, ictimai təhlükəsizlik Azərbaycanda ən yüksək səviyyədə təmin edilir, istər Ulu Öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev həmişə sabitliyə ölkənin ən qiymətli sərvətlərindən biri kimi yanaşıb və haqlı olaraq bu nailiyyətdən qürurla danışıblar. Lakin 30 il davam etmiş işğal və Azərbaycanın nəzarətindən kənar qalmış həmin ərazilərdə Ermənistanın himayəsi altında terrorçu-separatçı rejimin mövcudluğu həmin bölgədə təhlükəsiz həyata təminat vermirdi. Lakin 2020-ci ildə Vətən müharibəsi və ötən ilin sentyabrında antiterror tədbirləri ilə Azərbaycanın özünün ərazi bütövlüyü və suverenliyini təmin etməsi bu qəbuledilməz status-kvoya son qoydu. Xüsusilə də antiteror tədbirləri ilə Cənubi Qafqazdakı ən böyük terror yuvası dağıdıldı, ana ideologiyası terror olan erməni separatizminə tarixin ən güclü zərbəsi vuruldu. Üstəlik, terrorçulara rəhbərlik etmiş əsas ünsürlər - açar fiqurlar Prezident İlham Əliyevin qətiyyəti ilə yaxalanaraq Azərbaycanın ədalət mühakiməsinə təqdim edildi. Dünən Müzəffər Ali Baş Komandanın Xankəndi şəhərində, separatizmin ideoloji mərkəzi olan və dövlət başçımızın tapşırığına uyğun olaraq artıq sökülmüş “parlament” binasının yerində Novruz tonqalını alovlandırarkən qeyd etdiyi kimi, “separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür”.

Deputat, həmçinin qeyd edib: “Beləliklə, bu gün birmənalı şəkildə deyə bilirik ki, artıq Azərbaycan daxilində hər hansı təhdid və təhlükə mövcud deyil. Azərbaycanın GTI sıralamasında da “0” indekslə sonuncu – 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə qərarlaşması da məhz bu reallığın inikasıdır. Azərbaycan rəsmən dünyada terrorla bağlı tam təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib. Lakin Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimidə də qeyd etdiyi kimi, “Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq”.

Zəfərlərimizin ardınca Fransa, Avropa Parlamenti, AŞPA kimi beynəlxalq və regional subyektlərin Azərbaycana qarşı təhdid və qarayaxma kampaniyalarına şahidlik etdiyimizi xatırladan B.Məhərrəmov deyib ki, Avropa İttifaqı öz qətnaməsində terrorçulara rəsmən azadlıq çağırışı ifadə edir, habelə Fransa dövlət səviyyəsində terrorizmi müdafiə edən davranışlar sərgiləməkdədir. Düzdür, bu subyektlərin regionda hərəkət imkanları geniş deyil. Bildiyiniz kimi, ötən ilin sonunda Azərbaycanın xüsusi xidmət orqanları Fransanın bütövlükdə Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq və Şərqi Avropanı əhatələyən casus şəbəkəsini ifşa edərək ciddi təxribat planlarının qarşısını almışdı. Yəni, bu mənada, Fransa qərəzli bəyanatlar və Natəvanın heykəlinə qarşı törədilən vəhşilik fonunda vandalizm əməllərindən, habelə Ermənistanı silahlandırmaqdan daha irəli gedə bilmir. Azərbaycan isə əksinə, güc və imkanları artdıqca daha təhlükəsiz coğrafiyaya çevrilməkdədir. Prezident İlham Əliyevin ötən ilin mayında Şuşadakı tarixi çıxışında da ifadə etdiyi kimi, “Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür. İndi bir daha demək istəyirəm ki, dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır”.

“Düzdür, xüsusilə COP29-a ev sahibliyi imkanı qazandığı ərəfədə Azərbaycanın təhlükəsizlik mühiti ilə bağlı qarayaxma kampaniyalarına start verilmişdi, lakin GTI indeksi bu cəhdlərin də üzərindən xətt çəkdi və bir daha sübut etdi ki, qlobal qeyri-sabitlik fonunda Azərbaycandakı təhlükəsiz mühit həm də ölkəmizi beynəlxalq tədbirlər üçün ideal məkana çevirir”, - deyə deputat əlavə edib.