Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin yanvarı

Tarix: 05.09.2023

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

10 yanvar. Prezident Heydər Əliyev Uludağ Universitetinin fəxri doktoru adına layiq görüldü.

11 yanvar. Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviközü qəbul etdi.

14 yanvar. Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 10 illiyi münasibətilə keçirilən mərasimdə iştirak etdi və nitq söylədi.

14 yanvar. ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etdi.

18 yanvar. NATO Parlament Assambleyasının prezidenti Rafael Estrella ilə görüşdü.

19 yanvar. 20 Yanvar faciəsinin 12-ci ildönümünə və şəhidlərin xatirəsinə həsr olunmuş mərasimdə iştirak etdi.

20 yanvar. Şəhidlər xiyabanını ziyarət etdi.

24-26 yanvar. Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada dövlət səfərində oldu.

29 yanvar. Gürcüstan Parlamentinin sədri Nino Burcanadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

30 yanvar. Dünya İqtisadi Forumunda iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə səfər etdi.

31 yanvar. Dünya İqtisadi Forumunun rəsmi açılış mərasimində nitq söylədi. Nyu-Yorkda Türkiyə Respublikasının xarici işlər naziri İsmayıl Cem ilə görüşdü.

X X X

Azərbaycan-Türkiyə münasibətlərinin dostluq və qardaşlıq səviyyəsinə yüksəlməsində Ulu Öndər Heydər Əliyevin xidmətləri zaman-zaman xatırlanır və yüksək qiymətləndirilir. Həmin illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, atılan davamlı addımlar, qəbul olunan tarixi qərarlar, beynəlxalq və regional məsələlərə yanaşmada vahid mövqe nümayişi bu qəbildəndir və əlaqələrimizin inkişafına həlledici təsir göstərirdi. Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında dediyi “bir millət, iki dövlət” kəlamı bu gün dillərdə gəzir.

Türkiyə 1918-ci ildə də, 1991-ci ildə də Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. Dövlət müstəqilliyinin qorunub saxlanmasında bizə həmişə arxa, dayaq durub. İki qardaş ölkə və qardaş xalqlar xoş günlərdə də, çətin günlərdə də bir-birinin yanında olub, bir-birini dəstəkləyib. Ulu Öndər Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 10 illiyi münasibətilə 2002-ci il yanvarın 14-də keçirilən mərasimdəki çıxışında bu və digər məqamlara toxundu.

Sitat: “Çox böyük xoşbəxtlikdir ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə Cümhuriyyəti olmuşdur. Bu, eyni zamanda təbii bir haldır. Çünki bizim xalqlarımızı bağlayan dərin köklər var. Həqiqətən 1918-ci ildə də Azərbaycan müstəqilliyini elan edən kimi, ölkəmizi ilk olaraq Türkiyə tanımışdı. Bu dəfə də belə olmuşdur. Ancaq eyni zamanda, Türkiyənin bu addımı Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınmasına böyük təkan verdi. Qısa bir müddətdə Azərbaycan müstəqil dövlət kimi tanındı. İndi on ildir ki, müstəqil dövlət kimi yaşayır. On il içərisində Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı böyük sınaqlardan keçibdir. Doğrudur, bizim dostluq, qardaşlıq əlaqələrimizdə on ildə heç bir problem olmayıbdır. Çünki bizim dostluğumuz çox sağlam təməllər, dərin tarixi köklərimiz üzərində qurulubdur. Güman edirəm ki, belə də olmalı idi. Əminəm ki, bundan sonra da heç bir problem olmayacaqdır. Amma buna baxmayaraq, on il içərisində Azərbaycan öz müstəqilliyini qoruyub saxlamaq üçün böyük sınaqlardan keçdi. Bütün bu mərhələlərdə də Türkiyə Cümhuriyyəti həmişə Azərbaycanın yanında olubdur, Azərbaycana dəstək veribdir və beynəlxalq aləmdə Azərbaycanın problemlərinin həll olunmasında ölkəmizə həmişə dayaq olubdur”.

Heydər Əliyev çıxışında onu da xüsusi vurğuladı ki, Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən Türkiyə dövləti respublikamıza həmişə dəstək verib, bizim yanımızda olub: “İndi də bu ağır və çətin məsələnin həll olunması yollarının axtarılmasında Türkiyə Cümhuriyyəti Azərbaycana yaxından yardım edir, Azərbaycanla bir yerdədir, Azərbaycanın mövqelərini həmişə dəstəkləyib və əminəm ki, bundan sonra da dəstəkləyəcəkdir.

On il biz müstəqil dövlətlər kimi bir-birimizlə əlaqədə inkişaf etmişik. Heç şübhə yoxdur ki, bu, gələcək üçün böyük bir əsasdır. Biz gələcəyin çox möhkəm təməlini qoymuşuq. Əminəm ki, bu təməl üzərində böyük bir Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı abidəsi yaradılacaqdır. Bu abidə gələcək illərdə də, gələcək əsrlərdə də Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının yenilməz rəmzi olacaqdır”.

Ulu Öndərin illər öncə söylədiyi bu sözlər öz təsdiqini real həyatda tapdı. O illərdə qoyulan möhkəm və sağlam təməl üzərində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan qardaşlığı abidəsi yaratmağa nail oldular. Vətən müharibəsinin ilk günündən Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək Qarabağ Zəfərinin qazanılmasında mühüm rol oynadı. Şuşa Bəyannaməsinin imzalanması ilə qardaşlığımızın yeni səhifəsi açıldı, münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəldi.

Xronologiyadan göründüyü kimi, 2002-ci ilin əvvəlində baş verən mühüm hadisələrdən biri Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiyaya dövlət səfəri oldu. Yanvarın 24-26 –da baş tutan səfərin proqramı zənginliyi ilə diqqət çəkir. Heydər Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin, Moskva şəhərinin meri Yuri Lujkov, RF hökumətinin sədri Mixail Kasyanov, xarici işlər naziri İqor İvanov ilə görüşlər keçirdi. Azərbaycan Beynəlxalq Bankının Moskva şəhərində törəmə bankının açılış mərasimində çıxış etdi. İTAR–TASS agentliyinin ofisində Rusiya Federasiyasının aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdü. Səfərin gedişində Azərbaycan Prezidentinə Moskva Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edildi və Heydər Əliyev mərasimində geniş nitq söylədi.

Prezident Heydər Əliyev bütün xarici səfərlərində olduğu kimi, bu dəfə də Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinin müzakirəsinə xüsusi yer ayırdı. Rusiya Prezidenti Vladimir Putin ilə kütləvi informasiya vasitələrinə birgə bəyanatında bu barədə danışaraq dedi: “Məmnunam ki, Rusiya Federasiyası və şəxsən Prezident Putin bu məsələyə böyük diqqət yetirir və fəal tədbirlər görür. Mən ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin, – Rusiya da həmsədrdir, – gələcəkdə öz səylərini artıracağına, habelə Prezident Putinin bundan sonra da bu məsələdə səy göstərəcəyinə ümid bəsləyirəm. Bu barədə biz fikir mübadiləsi etdik və mən buna ümid edirəm, çünki Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması, təbiidir ki, bizim üçün həyati əhəmiyyətə malikdir. Lakin bu məsələ bütün Qafqaz üçün də böyük əhəmiyyət kəsb edir. Deməli, təkcə Qafqaz üçün deyil, həm də bütün Avropa üçün əhəmiyyətlidir... Hesab edirəm, bizim ictimaiyyətimiz də bu fikirdədir ki, Rusiya bu məsələdə mühüm və bəlkə də, həlledici rol oynaya bilər”.

Moskvaya dövlət səfərindən Vətənə qayıdarkən Binə Beynəlxalq Hava Limanında jurnalistlərə müsahibə verən Ulu Öndər Qəbələ Radiolokasiya Stansiyasının Rusiya tərəfinə icarəyə verilməsi məsələsinə münasibət bildirdi.

Sitat: “Qəbələ Radiolokasiya Stansiyası 10 ildir Rusiya tərəfindən istifadə olunur. İndi isə biz həmin 10 il istifadə olunan Qəbələ stansiyasına, sadəcə, müəyyən hüquq verdik. Yəni sənəd imzaladıq, onu icarəyə verdik.

Mənim 1997-ci ilin iyulunda Rusiyaya rəsmi səfərim zamanı biz Rusiya ilə bütün borclarımızı araşdırıb sıfır həddinə çıxmışdıq. Yəni bizim onlara o vaxta qədər olan borcumuzu, onların bizə olan borclarını müəyyən etdik və bu, sıfır həddində idi. Ona görə 1997-ci ildən sonra onlar Qəbələ stansiyasını istifadə etmək üçün ildə 6 milyon 200 min dollar bizə borcludurlar. Beləliklə, bizə 31 milyon dollar borcludurlar və biz Qəbələ stansiyasından ildə 13 milyon dollar fayda götürəcəyik. Amma indiyə qədər Qəbələ stansiyası durub orada, istifadə olunub və biz heç bir şey əldə etməmişik. İkincisi, indi, müqavilə imzalanandan sonra biz Qəbələ stansiyasında birgə monitorinq aparacağıq, vəziyyəti öyrənəcəyik. Onlar da oradan arxayınlıqla istifadə edəcəklər və onun ətrafı daha da yaxşı olacaqdır. Onu da nəzərə almalısınız ki, orada 1300 Azərbaycan vətəndaşı işləyir. Özü də yüksək maaş alırlar. Bunu da nəzərə almaq lazımdır. Ona görə hesab edirəm ki, bu məsələdə həm Azərbaycanın maraqları, həm də Rusiyanın maraqları təmin olunubdur”.

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlər qonşu dövlətlərlə, o cümlədən Gürcüstanla əlaqələrin inkişafı ilə səciyyəvidir. Heydər Əliyev özünü Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin veteranı hesab edirdi. 2002-ci ilin yanvarında Gürcüstan Parlamentinin sədri Nino Burcanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bununla bağlı səsləndərdiyi fikirlər aktuallığını bu gün də itirməyib: “Böyük xoşbəxtlikdir ki, bizim aramızda heç vaxt münaqişə olmamışdır. Bu, böyük işdir. Bir baxın, ətrafımız münaqişələrlə doludur, gürcü və Azərbaycan xalqları arasında isə nə münaqişə, nə mübahisə, nə də toqquşma olmuşdur. Bu, böyük işdir, böyük xoşbəxtlikdir. Bizim dostluğumuz ilbəil möhkəmlənir. Mən özümü bu dostluq münasibətlərinin veteranı hesab edə bilərəm. 30 il bundan əvvəlki dövrü xatırlayıram. O zaman biz bu dostluğu daha da möhkəmləndirməyə başladıq. Elə o vaxtdan bu, davam edir və hətta ən ağır, ən çətin dövrlərdə dostluğumuz zəifləməmişdir”.


https://azertag.az/xeber/xalqa_bagislanmis_omurden_anlar_2002_ci_ilin_yanvari-2745433