17 dekabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında bu ilin 23 dekabrında ölkəmizdə keçiriləcək V çağırış Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin seçicilərlə növbəti görüşü keçirildi.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov ölkəmizdə bələdiyyələrin formalaşdırılması tarixindən bəhs etdi. Bildirdi ki, ulu öndərin ölkəmizə rəhbərliyi dövrdə bir çox qanunvericilik aktlarının qəbul edilməsi ilə yanaşı bələdiyyə institutunun formalaşdırılması da dövlətçiliyimizin inkişafına verilmiş misilsiz töhflərdən biridir. Artıq bu ay bələdiyyələrimizin 20 yaşını qeyd edəcəyik. “Bələdiyyələrin Statusu haqqında” Qanunun qəbul edilməsi, bələdiyyələrin inkişafı üçün dövlət büdcəsindən maliyyə dəstəyinin göstərilməsi yerli özümüidarəetmənin əhəmiyyətindən irəli gəlir. Bunlarla yanaşı bələdiyyələrin qarşısında duran məsələlərin həlli, sakinlərin maraqlarının təmin edilməsi məqsədilə bələdiyyələrə daha layiqli namizədlərin seçilməsi və bu gün də müşahidə olunan dövlət qayğısı nəticəsində bələdiyyələrimizin uğurla inkişaf edəcəyinə ümid edirik. Ramiz Göyüşov çıxışında ölkəmizdəki seçki sistemindən, vətəndaşalrın müstəsna hüquqlarından biri olan səsvermə hüququndan ətraflı danışdı. Bütün seçiciləri seçkilərdə fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.
Yeni Azərbaycan Partiyası tərəfindən V çağırış Bələdiyyə seçkilərində Biləcəri Bələdiyyəsi üzrə namizədliyi irəli sürülən İlham Xəlilov, Cəmilə İsmayılova, Ehtibar Cababrov, İlham Qayıbzadə, Xocasən Bələdiyyəsi üzrə namizədliyi irəli sürülən Məhərrəm Əsgərov, Aynurə Məmmədova, Qartal Budaqlı və Abbas Rəhimov çıxış edərək seçki platformalarını seçicilərin diqqətinə çatdırdılar. Seçicilərin etimadı ilə qalib gələcəkləri təqdirdə göstərilən etimadı doğruldacaqlarını və vətəndaşların problemlərinin həllinə səylə çalışacaqlarını qeyd etdilər.
YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin üzvü, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev çıxış edərək bələdiyyə sisteminin əhəmiyyətindən danışdı. Vurğuladı ki, hər bir layiqli namizədin bələdiyyələrdə uğurla təmsil olunması, öz bilik və bacarığını, peşəkarlığını tam səfərbər edərək dövlətinə, xalqına ləyaqətlə xidmət etməsi olduqca vacibdir. Bu baxımdan YAP tərəfindən irəli sürülən namizədlərin xalqımıza vicdanla xidmət edəcəklərinə inandığını bildirdi, qarşıdan gələn bütün namizədlərə uğurlar arzu etdi. Seçiciləri öz layiqli namizədlərinə səs verməyə, seçkilərdə fəal olmağa səslədi.
Sonda seçiciləri maraqlandıran suallar cavablandırıldı.