YAP Binəqədi rayon təşkilatında səhiyyə sahəsində çalışan ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirildi

Tarix: 13.10.2021


12 oktyabr 2021-ci il tarixindən YAP Binəqədi rayon təşkilatında səhiyyə sahəsində çalışan ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirildi. Görüşü giriş nitqi ilə açan rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, həm ölkəmizdə, həm də dünyada COVİD-19 pandemiyası ilə mübarizə davam etməkdədir. Bütün dünyanı cənginə alan bu böyük fəlakətlə birbaşa mübarizə aparanlar isə məhz həkimlər oldular. Həkimlərimiz öz həyatlarını təhlükəyə ataraq koronavirus xəstələrinin sağalması üçün səfərbər oldular. Bu uğurda neçə-neçə həmkarımız həyatlarını itirdilər. Ötən ilin sentyabrın 27-də isə ölkəmiz 30 ilə yaxındır işğal altında olan torpaqların azadlığı üçün mənfur düşmənlə müharibəyə başlayanda da həkimlərimiz ön cəbhədə dayandılar, canları bahasına yaralanan hərbçilərimizə və əsgərlərimizə yardımlar etdilər. Həkimlərimizin hər iki cəbhədə - istər pandemiya zamanı, istərsə də Vətən müharibəsi zamanı göstərdikləri cəsarət və şücaət yüksək təqdirəlayidir. Sədr daha sonra vurğuladı ki, rayon təşkilatı mütəmadi olaraq partiya üzvləri ilə görüşlər keçirir. Bu cür görüşlərin keçirilməsində əsas məqsəd partiya üzvləri ilə sıx ünsiyyətin qurulması, onların fikir və təkliflərinin öyrənilməsi, onların ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etməkdir. Vüsar İsmayılov, eyni zamanda nitqində ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətdən bəhs etdi. Azərbaycanımızı qorumağın, onun müstəqilliyinin və suverenliyinin daimi, əbədi olmasının hər bir vətəndaşın ən vacib və müqəddəs borcu olduğunu diqqətə çatdırdı. İnsanlarımızı, partiya üzvlərini bu cür siyasi situasiyalarda daha da ayıq-sayıq olmağa, dövlət başçısının ətrafında sıx birləşməyə çağırdı. Partiyanın ümummilli lider Heydər Əliyevə xalqın böyük inam və etimadının nəticəsi olaraq yaradıldığını söylədi. Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirir. Cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər.

Görüşdə çıxış edən “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin baş həkimi, partiyanın fəalı Əsədulla Sultanov və Xocasən qəsəbəsi, Yeni Yol ünvanlı ərazi partiya təşkilatının sədri Loğman Əliyev çıxış edərək göstərilən etimadı doğrudacaqlarını və partiya üzvləri ilə rayon təşkilatı arasında sıx əlaqlərin qurulması istiqamətində bundan sonra fəal rol oynayacaqlarını diqqətə çatdırdılar.