YAP Binəqədi rayon təşkilatının kollektivi Hərbi Qənimətlər Parkını ziyarət edib

Tarix: 23.04.2021


22 aprel 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının kollektivi Hərbi Qənimətlər Parkını ziyarət edib. Ziyarət zamanı iştirakçılara məlumat verilib ki, park Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələrinə məxsus olan, Vətən müharibəsi zamanı erməni hərbi birləşmələrinin döyüş meydanında qoyub qaçdıqları və ya ələ keçirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası, həmçinin Şuşada tapılan Rusiya istehsalı olan və bu ölkənin daxili istifadəsi üçün nəzərdə tutulan “İsgəndər-M” raketinin qalıqları nümayiş etdirilir.

Parkda nümayiş etdirilən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Qələbə" tvitləri, aparıcı media qurumlarına müsahibələri, xalqa müraciətlərdən ibarət hissələr, tank əleyhinə xəndək, beton dirəklər, mina sahəsi, metal kirpilər, tikanlı məftildən tor, piyada əleyhinə mina sahəsi ziyarətçilərdə xüsusi maraq oyatdı.

Parkda döyüş postu və əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri, müharibədə həlak olan yüzlərlə erməni əsgərinin dəbilqələri və Ermənistan Silahlı Qüvvələri qoşunlarının mum manikenləri nümayiş etdirilir.

Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığının təzahürü olan Hərbi Qənimətlər Parkını ziyarət rayon təşkilatının kollektivində yüksək təəssüratlar yaratdı.