YAP Binəqədi rayon təşkilatının nümayəndələri Qocalar Evində oldular

Tarix: 24.10.2023


Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının nümayəndələri tərəfindən Qocalar Evindəki ahıllar ziyarət olundu, onlarla görüş keçirildi.

Görüşdə çıxış edən YAP  Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva bildirdi ki, ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub. Həmin qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Onun sözlərinə görə bu gün də ahıllara gösətərilən diqqət və qayğı davam etdirilir. Azərbaycanda ahıl insanlara dövlət qayğısı  ildən-ilə artır. Bu sahədə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri, sevgisi isə hər kəsə nümunədir.

Görüşdə Qocalar Evinin direktoru Samirə Mehdiyeva belə bir görüşün təşkilatçılığına görə YAP Binəqədi rayon təşkilatına təşəkkürünü bildirdi. Qayğıya ehtiyacı olan ahıl insanların ziyarət olunmasının onlara böyük mənəvi dəstək olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması, hüquqlarının təmin edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu cür qocalar evlərinin fəaliyyət göstərməsi və onlara hər cür şəraitin yaradılması da deyilənlərə bariz nümunədir.

Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllim və tələbə kollektivinin iştirakı ilə geniş konsert  proqramı ilə davam etdirildi. Ahıl insanlar əylənərək musiqi sədaları altında rəqs etdilər. Sonda ahıllara müxtəlif hədiyyələr təqdim edildi. Görüş ahıllarda xoş təəssürat yaratdı.