YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun Azadlıq prospekti 184 ünvanlı ərazi partiya təşkilatının üzvləri ilə görüşü keçirildi

Tarix: 16.03.2022


15 mart 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun Azadlıq prospekti 184 ünvanlı ərazi partiya təşkilatının üzvləri ilə görüşü keçirildi. Görüşdə, həmçinin ərazi partiya təşkilatının sədri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov, rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak etdilər.

Görüşü giriş nitqi ilə açan Vüsar İsmayılov bütün partiya üzvlərini salamladı, onları bu günkü ilaxır çərşənbə və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi, ən xoş arzularını bildirdi. Daha sonra görüşdə geniş nitq söyləyən Vüsar İsmayılov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, dövlətimizin bütün sahələrdə dayanıqlı inkişafına gətirib çıxaran məqsədyönlü siyasi strategiyadan bəhs etdi. Bu gün dünyada baş verən gərgin geosiyasi proseslərin və bir sıra ölkələr arasında baş verən hərbi toqquşmaların fonunda ölkəmizdəki ictimai-siyasi sabitlikdən və əldə olunan uğurlardan danışdı. Dövlət başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki tarixi qələbəmiz barədə fikirlərini qeyd edərək rəşadətli ordumuz tərəfindən işğal altındakı torpaqlarımızın azad edilməsini misli görünməmiş qəhrəmanlıq adlandırdı. Vüsar İsmayılov, çıxışının davamında partiyanın ötən ilin mart ayının 5-də keçirilən VII qurultayında qəbul edilən qərarlara toxunaraq ölkəmizdə həyata keçirilən islahatların partiyamızdan da yan keçmədiyini söylədi. Rayon təşkilatının sədri çıxışının sonunda rayon təşkilatının fəaliyyətindən danışaraq, ərazi partiya təşkilatının üzvlərinə tövsiyyələrini verdi, onları daha da fəal olmağa, ictimai-siyasi proseslərdə, partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırdı.

Görüşdə çıxış edən ərazi partiya təşkilatının üzvləri - Eldar Məmmədov, Lamiyə Həsənova, Hüseynalı Babayev, Elməddin Nəzərov və başqaları fikirlərini və təkliflərini bölüşdülər. Onlar partiya rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək bu cür görüşlərin onların fəaliyyətinə əlavə stimul olduğunu diqqətə çatdırdılar.

Görüşün sonunda Mürsəl Eminov partiya üzvləri ilə keçirilən görüşə görə rayon təşkilatının rəhbərliyinə təşəkkürünü bildirdi.