YAP Binəqədi rayon təşkilatının yaradılmasının 31-ci ildönümü və 8 Mart-“Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirildi

Tarix: 07.03.2024

07 mart 2024-cü il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP Binəqədi rayon təşkilatının yaradılmasının 31-ci ildönümü və 8 Mart-“Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirildi. Tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısındakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular, əziz xatirəsini ehtiramla yad etdilər. 

Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanımızın müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən uca zirvə - şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Açılış nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tədbir iştirakçılarını salamlayaraq onları əlamətdar günlər münasibəti ilə təbrik etdi. Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışaraq, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu qeyd etdi. O, Partiyanın sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin ulu öndər Heydər Əliyev ideyalarına etimadın və dövlətimzin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu söylədi. Vüsar İsmayılov, həmçinin rayon təşkilatının fəaliyyətinə nəzər saldı. Bildirdi ki, YAP-ın yaradılmasından sonra ilk yaradılan rayon təşkilatlarından biri də məhz Binəqədi rayon təşkilatıdır. Sıralarında 16 mindən çox üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 7 mart tarixində təsis edilib. Rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, rəhbərliyin tapşırıq və tövsiyyələrinə, eləcə də üzvlərin təşəbbüsünə əsaslanaraq uğurla qurub. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşısında daha böyük uğurları hədəfləyib.

Çıxış üçün söz verilən millət vəkili, YAP İdarə Heyətinin üzvü Musa Urud Yeni Azərbaycan Partiyasının təsis olunmasından, həmçinin ümummilli lider Heydər Əliyevin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının ilk iclaslarında bəhs etdi. O, ümummilli lider Heyər Əliyevin siyasi strategiyası və cənab prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizin çoxsaylı uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının da əvəzsiz rolu olduğunu söylədi. Millət vəkili çıxışında qeyd etdi ki,  xalqımızın ulu öndər Heydər Əliyevə olan böyük inam və etimadından, ona bəslədilən güvənindən bəhs etdi. Yeni Azərbaycan Partiyasının yaradılması dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və inkişafına rəvac verdi. Ondan ötən müddət ərzində istər Partiyamız, istərsə də onun rayon təşkilatları, xüsusilə YAP Binəqədi rayon təşkilatı uğurla inkişaf etməyə başladı.

 Millət vəkili Kamaləddin Qafarov qeyd etdi ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Öz əməlində ümummilli liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəflər – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır. Bu prinsiplər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan siyasi xəttin əsas hissəsini və prioritet istiqamətini təşkil edir.

Tədbirdə çıxış edən millət vəkili Azay Quliyev qeyd etdi ki,  dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun davam etdirilməsi ölkəmizi daha da parlaq gələcəyə aparacaq və dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək. Həmçinin ölkəmizin qazandığı uğurların iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsi olduğunu söylədi. Bütün partiya üzvlərini təbrik etdi.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında ümummilli lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırdı. Bu siyasətin davamının ölkəmizi daha da işıqlı gələcəyə aparacağını və dünyadakı nüfuzunu möhkəmləndirəcəyini, dövlətimizin hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatların ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaradacağını bildirdi. Xalqımızın yaxın keçmişini unutmadığını və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin düşdüyü çox ağır vəziyyətdən nicat tapdığını vurğuladı. Rayon İcra Hakimiyyətinin başçısı bütün sahələrdə öz elmi, zəkası, əməyi ilə fədakarlıqlar göstərən xanımları 8 Mart-“Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edərək onlara uğurlar arzu etdi.

Çıxışlardan sonra rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup qadın Fəxri fərman və hədiyyələr ilə təltif olundu. Tədbir bədii hissə ilə davam etdirildi.