Yaponiyalı milyarder Yusaku Maezava Aya uçuş üçün qrupun seçimini tezliklə yekunlaşdıracaq

Tarix: 11.01.2022


Yaponiyalı milyarder Yusaku Maezava 2023-cü ildə ABŞ-ın “SpaceX” şirkətinin kosmik gəmisi ilə Aya turist kimi uçmaq üçün qrupun tərkibini yaxın vaxtlarda elan edəcək.

AZƏRTAC xəbər verir ki, Y.Maezavanı bu missiyada səkkiz nəfərin müşayiət edəcəyi gözlənilir.

“Anketlərin toplanmağa başlamasından təqribən bir il ötür və dünyanın hər yerindən təqribən 1 milyon nəfər mənim bu təklifimə qoşulmaq niyyətindədir. Biz hazırda namizədlərin seçimi ilə bağlı son mərhələdəyik və cari ilin əvvəllərində seçim prosesindən keçənlərin adlarını açıqlamaq niyyətindəyik” , - deyə yaponiyalı milyarder yanvarın 7-də Tokioda keçirilən mətbuat konfransında bildirib.

İş adamı Sakit okeandakı Marian çökəkliyinə səfəri barədə də məlumat verib: “Bizim hansı tip sualtı qayıqda dərinliyə enəcəyimiz artıq məlumdur və bu səyahətin müddəti də bilinir. Layihənin detalları barədə bir qədər sonra məlumat verəcəyik”.

Xatırladaq ki, 46 yaşlı Y.Maezava “SpaceX” kosmik gəmisi üçün 2018-ci ildə turist seçilib. Yaponiyalı milyarder Aya uçacaq gəmidəki bütün yerləri alıb. Ümumilikdə bu uçuşda Y.Maezavanın özü də daxil olmaqla 10-12 turistin iştirakı nəzərdə tutulur. Həmin şəxsləri Y.Maezavanın özü seçəcək.

Xəbər verdiyimiz kimi, yaponiyalı biznesmen 2020-ci ilin dekabrında Beynəlxalq Kosmik Stansiyada (BKS) olub. Həmin vaxt onu BKS-yə Rusiyanın “Soyuz MC-20” kosmik gəmisi çatdırıb.

Qeyd edək ki, Y.Maezava “ZOZO” internet saytının yaradıcısı və rəhbəridir. Həmin sayt vasitəsilə fərdi ölçülərlə dəbdə olan geyimləri sifariş etmək olar. “Forbes” jurnalının məlumatına görə, təqribən 3 milyard dollar sərvətə malik olan Y.Maezava Yaponiyanın ən zəngin iş adamlarından biridir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio