Aprelin 26-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli alim, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan” mövzusunda tədbir keçirilib.
Aprelin 26-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli alim, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan” mövzusunda tədbir keçirilib.
Tədbirdən öncə Zərifə Əliyeva adına parkda görkəmli alimin abidəsi və Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısındakı abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb.
YAP Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndirilib.
Sonra “Əsl məhəbbət haqqında” sənədli film nümayiş etdirilib.Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva bildirib ki, genişmiqyaslı fəaliyyəti ilə xalqımızın rəğbətini qazanmış Zərifə xanım Əliyevanın şərəfli ömür yolu mənəviyyat, kamillik və müdriklik məktəbidir. Xalqımıza məxsus xeyirxahlıq, mərhəmətlilik kimi nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri, eləcə də müasirliyi və əməksevərliyi nurlu şəxsiyyətində cəmləyən qayğıkeş ana, dəyərli alim, nüfuzlu ictimai xadim olan Zərifə xanım Əliyeva insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb. “Azərbaycan tibb elmində silinməz izlər qoymuş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyin uca zirvəsinə yüksəlmiş görkəmli elm fədaisinin nurlu çöhrəsi canlanır. Onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük” ,-deyə S.Abdullayeva vurğulayıb.
Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva deyib ki, həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan, sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi xatirələrdə yaşayan Zərifə xanım Əliyeva hər bir azərbaycanlı üçün fəxarət və qürur mənbəyidir: “Böyük Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. İnsanın mahiyyəti, mənəvi keyfiyyətləri, həqiqətən də, onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət belə insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin, elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, çalışdığı sahənin mükəmməl bilicisi kimi insanlara, cəmiyyətə məsuliyyətlə xidmət edə bilmək xoşbəxtliyi heç də hamıya nəsib olmur. Zərifə xanım Heydər Əliyev kimi görkəmli bir şəxsiyyətin ömür-gün yoldaşı olaraq onunla çiyin-çiyinə addımlamaq, qayğılarına ortaq olmaq, onun ocağını isitmək və Azərbaycanın taleyində önəmli rol oynayacaq övladlar yetişdirmək kimi bir missiyanı da şərəflə yerinə yetirmişdi. Bəlkə də, çoxlarının həsəd aparacağı bu ömür, əslində, çox böyük məsuliyyətlər yüklənmiş bir həyat idi. Lakin o, bütün vəzifələrinin öhdəsindən uğurla gəlir, əl uzatdığı hər işə sevgiylə yanaşırdı. Akademik N.Puçkovskayanın təbiri ilə desək, “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi”. Onun xatirəsi hər bir azərbaycanlı üçün əzizdir”.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor Tofiq Cahangirov çıxışında bildirib ki, sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir: “Onun fəaliyyət göstərdiyi dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı, traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. Zərifə xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan Vətənə qayıdaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayıb. Traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olur. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olundu. Zərifə xanım Əliyeva Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi verilib. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafat verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi. Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir”.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib ki, cəmiyyətdə tutduğu yüksək mövqeyə baxmayaraq, Zərifə Əliyeva ilk növbədə ailəsinin qayğıları ilə yaşayırdı. Ulu Öndər Heydər Əliyev qazandığı nailiyyətlərdə vəfalı ömür-gün yoldaşı Zərifə xanımın böyük töhfələrinin olduğunu daim vurğulayırdı. Hər bir kəsə örnək olası bir ailə quran bu şəxsiyyətlər yüksək mənəviyyat, ali mərhəmət, misilsiz insanpərvərlik, dəyərli vətəndaşlıq xüsusiyyətləri ilə bir-birlərini tamamlamışlar. “Zərifə xanımın həyatını mənalandıran nə varsa - onun elmi, ailəsi, xeyirxahlığı, səmimiyyəti, insanlara doğma münasibəti - hamısı ruhundan, nurundan şölələnmişdi. Yaxından tanıyan həmkarları həmişə böyük rəğbətlə qeyd edirlər ki, görkəmli alim övladlarına çox bağlı, onların tərbiyəsi üçün bütün enerjisini sərf edən valideyn idi. Cənab İlham Əliyev kimi dünya miqyasında tanınan və qəbul olunan bir şəxsiyyətin qazandığı nailiyyətlərdə, şübhəsiz ki, valideynlərinin düzgün tərbiyəsi, övladı müdrikliklə formalaşdırmaq ənənəsi mühüm rol oynayır”,- deyə Z.Quliyeva vurğulayıb.
Milli Məclisin deputatı Müşfiq Məmmədli isə çıxışında bildirib ki, 150-dən artıq elmi əsərin müəllifi olan akademik Zərifə Əliyeva çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Bununla yanaşı, görkəmli alim SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışıb. O, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, o cümlədən “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub. Bu, Zərifə xanımın ictimai fəaliyyətinin də respublikamız üçün faydalı, səmərəli olduğunu göstərir.
Onun sözlərinə görə, Zərifə xanım Əliyeva Azərbaycan naminə misilsiz işlər görüb: “O, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana kimi də bu missiyasını ləyaqətlə yerinə yetirib. Zərifə xanım cənab İlham Əliyev kimi övlad yetişdirib. Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən dərs alan Prezident İlham Əliyev ata vəsiyyəti ilə yanaşı, xalqa, dövlətə, Vətənə sədaqət andını gerçəkləşdirərək Azərbaycana tarixi nailiyyətlər qazandırıb, ölkəmizin adını qalib və qüdrətli dövlətlər sırasına yazdırıb. Buna görə də həm Ulu Öndər Heydər Əliyevin, həm də Zərifə xanım Əliyevanın ruhu şaddır”.