“Diqqət, uşaqlar!” adlı təhlükəsizlik aylığı uğurla davam edir

Tarix: 09.10.2023

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin yeni dərs ilinin başlanması ilə əlaqədar verdiyi göstərişə əsasən, hazırda respublika ərazisində “Diqqət uşaqlar!” adlı hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirilib ki, aylıq çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə xarakterli görüşlərin keçirilməsi təhlükəsizlik aylığının əsas leytmotivini təşkil edir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə birgə Sumqayıt şəhər 1 və 10 nömrəli tam orta məktəblərdə keçirdiyi bu qəbildən olan görüşlərdə innovativ vasitələrdən istifadə etməklə təhsilalanlara mövzu ilə bağlı geniş məlumat verilib, maraqlı müzakirələr aparılıb.

Yüzdən çox şagirdin, eləcə də valideynlərin, Sumqayıt Uşaq-Gənclər İnkişaf Mərkəzinin və media nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən natiqlər belə görüşlərin uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mühüm töhfələr verdiyini vurğulayıblar.