“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Tarix: 23.04.2024

Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2024” beynəlxalq reqatası keçiriləcək.

 aprelin 30-dan mayın 3-dək davam edəcək marafona 20-dən çox ölkədən olan komandalar qatılacaq. Yarışda Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan avarçəkənləri qüvvələrini sınayacaqlar.

Reqatanın rəsmi paradı aprelin 30-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək. Parad saat 12:00-da başlayacaq. “Prezident Kuboku-2024” beynəlxalq reqatasının açılış mərasimi və ilk yarışlar mayın 1-də tarixi torpağımız Suqovuşanda baş tutacaq. Suqovuşan su anbarında 200 və 500 metr məsafəyə kayak-kanoe yarışları olacaq. Reqata mayın 2-3-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.

Mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaqlar. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı, son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq.

Qeyd edək ki, “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.