“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir

Tarix: 25.09.2020


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi çərçivəsində Vətən uğrunda şəhid olan igidlərimiz haqqında paylaşımları davam etdirir.

İdarədən AZƏRTAC-a bildirilib ki, internet üzərindən yayımlanan yeni videoçarx şəhid Mürvət Atakişiyevin döyüş rəşadətindən bəhs edir.

Mürvət Atakişiyev 1968-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində dünyaya gəlib. Əsgərliyini sovet ordusunda çəkib. Vətənə qayıdanda elini-obasını, dədə-baba ocağını alovlanmış görüb. Mürvət bu hadisələrə dözə bilməyib könüllü döyüşə qatılıb. Mərzili, Novruzlu, Muğanlı, Şıxbabalı kəndləri uğrunda döyüşlərdə iştirak edib. İgid döyüşçü Mürvət Atakişiyev 22 fevral 1993-cü il tarixində Ağdamın Şelli kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidlik zirvəsinə ucalan Vətən övladları isə indiki və gələcək nəsillərə vətənpərvərlik və cəsurluq nümunəsidirlər.