“Xalqımıza möhtəşəm qələbələr bəxş etmiş Liderə səs verəcəyik”

Tarix: 25.01.2024



Binəqədi rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

 

Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib. Tədbirdə öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələrdə qazanılan uğurlara həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Veteranlar Şurasının üzvü Şahlar Əgsərov, təşviqat qrupunun üzvləri Fikrət Əliyev, Həcər Mirzəyeva, qazi Ceyhun Sədrayev çıxış ediblər.

Çıxışlarda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən gənclər siyasətindən danışılıb. Gənclərimizin daha savadlı, intellektual, dünyagörüşlü və vətənpərvər yetişmələri üçün görülən işlərdən, yaradılan şəraitdən ətraflı bəhs edilib. Qalib xalqımızın gənc vətəndaşlarının Vətən müharibəsində qorxmazlığı və məğrurluğu ilə, peşəkarlığı və Vətən sevgisi ilə qazanılan zəfərimiz tariximizin ən şanlı səhifələrindən biridir. Bu gənclik məhz müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişmiş gənclərdir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan müzəffər sərkərdə İlham Əliyevə səs  verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.