“Zəfər tariximiz adlı layihənin bağlanış tədbiri keçirildi

Tarix: 18.10.2022


14 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilatı dəstəyi ilə “Davamlı İqtisadi və Sosial Maarifləndirmə” ictimai birliyinin Vətən müharibəsindən bəhs edən “Zəfər tariximiz” adlı layihənin bağlanış tədbiri keçirildi.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra layihə çərçivəsində hazırlanan film və ictimai birliyin sədri Kubra Əliyarlının Vətən müharibəsi haqqında müxtəlif vaxtlarda qələmə aldığı məqalələrindən ibarət kitabça ictimaiyyətə təqdim edildi.

Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan “Davamlı İqtisadi və Sosial Maarifləndirmə” ictimai birliyinin sədri, layihə rəhbəri Kubra Əliyarlı layihə barədə məlumat verdi. Tarixən  ermənilərin etniktəmizləmə, soyqırımı və işğalçılıq siyasətinə məruz qaldığımızı, işğal altındakı torpaqlarımızda törədilən talançılıq, vandalizm əməlləri barədə danışdı. Vətən müharibəsində qazandığımız zəfərin tariximizin ən parlaq səhifələrində yer aldığını qeyd edərək, bizə qələbəni yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı dilədi, şanlı ordumuza minnətdarlığını bildirdi.

Vətən müharibəsi qazisi Ceyhun Sədrayev çıxışında döyüş xatirələrindən, zabit və əsgərlərimizin qəhrəmanlığından bəhs etdi. Vətənimizin müdafiəsində bundan sonra da döyüşməyə hazır olduğunu, torpaqlarımızı qorumağın ən müqəddəs borcumuz olduğunu qeyd etdi. Xalqımızın Vətən sevgisinin bütün dünya üçün nümunə olduğunu vurğuladı.

Qazi Zakif Abbasov da çıxışında Azərbaycan Ordusunun qəhrəmanlığının və şücaətinin böyük qürur olduğunu, Ali Baş Komandan İlham Əliyevin döyüş əmrinə hər zaman hazır olduqlarını söylədi. Bildirdi ki, tarixi torpaqlarımızın, göz bəbəyimiz olan Şuşa şəhərinin işğaldan azad edilməsinə görə şanlı ordumuza minnətdarıq. Bu qalibiyyətimiz, həm də dövlət-xalq-ordu birliyinin nəticəsi idi.

Bakı şəhəri 157 nömrəli tam orta məktəbin direktor müavini, şair, publisist Adil Həmidov çıxışında 30 ilə yaxın idi ki, davam edən Kəlbəcər həsrətindən danışdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməsini yüksək sevinc və fəxarət hissə ilə qarşıladığını, bunun sonsuz xoşbəxtlik olduğunu bildirdi. Sonda Kəlbəcərə həsr etdiyi sonuncu şeirini səsləndirdi.

YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva çıxışında bildirdi ki, Azərbaycanın 28 illik həsrətinə son qoyuldu, tarixi torpaqlarımız, eyni zamanda xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa geri qaytarıldı. Beləliklə, Azərbaycanın qədim şəhərinin işğaldan azad edilməsi ilə həlledici üstünlüyə nail olundu. Bu, Vətən müharibəsində qələbə deməkdir. Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir. Bu tarix hər bir azərbaycanlının həyatına qızıl hərflərlə yazılıb və əbədi olaraq qəhrəmanlıq tarixi kimi yad ediləcək.

Sonda tədbir iştirakçılarına filmin diski və kitabçalar paylanıldı və xatirə şəkli çəkdirildi.