06-09-2017 12:45:48

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin beş könüllüsü Formula-1 İtaliya Qran-Prisini izləyib


Bu il Bakıda uğurla keçirilmiş Formula-1 Azərbaycan Qran-Prisindən əvvəl keçirilən təlimlərdə əldə etdikləri hərtərəfli biliyə, həmçinin yarış zamanı göstərdikləri yüksək fəallığa görə seçilən 5 könüllü “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) hesabına sentyabrın 3-də İtaliyada Qran-Prisini izləyib.

Fevralın 2-də elan edilmiş müsabiqəyə əsasən, Azərbaycan Qran-Prisinin 3 min könüllüsü yarış zamanı göstərdikləri fəallığa görə qiymətləndirilib. Yüksək fəallığı ilə seçilən 260 könüllü növbəti mərhələyə buraxılıb. Bu mərhələdə könüllülər yarışa hazırlıq ərəfəsində BŞH Akademiyasında keçirilmiş seminarlar, Formula-1 Avropa və Azərbaycan Qran-priləri, ümumilikdə Formula-1 tarixinə dair test üsulu ilə imtahanda iştirak ediblər.

Könüllülərdən Əhməd Şahbalayev, Sitarə Şərifzadə, Haqverdi Məmmədov, Emin Əlizadə və Səkinə Qəhrəmanzadə ən yüksək nəticə göstərərək müsabiqənin qalibləri adına yiyələniblər.

Könüllülər sentyabrın 3-də İtaliyaya səfər edərək Qran-Pri yarışını tribunada canlı izləyib, həmçinin həmkarları ilə qarşılıqlı əməkdaşlığa dair fikir və təcrübə mübadiləsi aparmaq imkanına sahib olublar.

BŞH-nin icraçı direktoru Arif Rəhimov bildirib: “Azərbaycan Qran-Prisinin uğurla həyata keçirilməsində könüllülər xüsusi rol oynadılar. Könüllülük inkişafa gedən yolda ilk addımdır. İnanıram ki, BŞH-nin bu istiqamətdə atdığı addımlar könüllülərin daha da yüksək nəticələr əldə etməsi üçün gözəl şərait yaradacaq”.

BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova gələcək yarışların könüllülərini daha fəal olmağa çağırıb. Qeyd edib ki, builki yarışa hazırlıq çərçivəsində könüllülərin fərdi inkişafı üçün müxtəlif mövzularda proqramlar hazırlanıb və yüksək səviyyədə həyata keçirilib. Könüllülərin inkişafı qarşıda duran ən vacib məsələlərdən biridir və bu ənənə növbəti illərdə də intensiv şəkildə davam etdiriləcək.

Şirkətin könüllülər üzrə əlaqələndiricisi Tural Hümbətov vurğulayıb ki, BŞH könüllülərin inkişafına prioritet məsələ kimi yanaşır. Bu məqsədlə cari ildə könüllülərin İtaliya Qran-Prisinə səfəri təşkil olunub. Həmin yarışda könüllülər digər Qran-prilərin necə təşkil olunduğunu görür, bizdə həyata keçirilən Qran-Pri ilə müqayisə etmək imkanı əldə edirlər. Könüllülərin fərdi inkişafı istiqamətində layihələrimiz gələcəkdə də davam edəcək.

Könüllü Emin Əlizadə könüllülüyün onun həyatında mühüm rol oynadığını diqqətə çatdıraraq deyib: “İtaliya Qran-Prisi Montsa şəhərində təşkil olunmuşdu. Ancaq biz Milanda qalırdıq. Qran-pri sayəsində həm Milan, həm də Montsa şəhərlərini görmək imkanı əldə etdik. “Ferrari” komandasının azarkeşləri ilə birgə yarışı izləmək çox həyacanverici idi. Yarış zamanı bir çox fəaliyyətlərdə də iştirak etdik. Səfərimiz olduqca maraqlı keçdi. Bizə yaratdıqları şəraitə görə, BŞH-yə təşəkkürümü bildirirəm”.

Ötən il Avropa Qran-prisində könüllü kimi təcrübə qazandığını bildirən könüllü Səkinə Qəhrəmanzadə cari ildə təşkil olunan yarışda ofis könüllüləri arasında fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, iki il ərzində zəngin təcrübə əldə etmişəm. Bunun nəticəsində İtaliyaya səfər imkanı qazandım. Əminəm ki, bu təcrübə mənim gələcək karyerama öz müsbət təsirini göstərəcək.

 

 

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 20 dəfə oxunub
All rights reserved.