07-10-2017 07:44:22

“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı ilə bağlı müzakirələr aparılıb


Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir. Məqsəd, həmçinin gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Bu fikirlər Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə bağlı oktyabrın 6-da Bakıda keçirilən müşavirədə səslənib.

Dövlət və hökumət rəsmilərinin, gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə gənclər və idman naziri Azad Rəhimov Dövlət Proqramının əhəmiyyətini yüksək qiymətləndirib, sənəddə əks olunan bəndlərlə bağlı məlumat verib. Sənədin əməli dəyərinin çox yüksək olduğunu vurğulayan nazir bildirib ki, Dövlət Proqramının qəbul edilməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğurudur.

Azad Rəhimov deyib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir. Dövlət gənclər siyasətinin daha planlı şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan gəncliyi ilə bağlı iki dövlət proqramı qəbul edilərək uğurla icra olunub. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri bir çox uğurlara imza atır, cəmiyyətdə fəal rol oynayırlar.

Nazir deyib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramında növbəti beş il ərzində gənclər sahəsində əsas istiqamətlər öz əksini tapıb. Gənclər və İdman Nazirliyi proqramın icrasında müvafiq dövlət qurumları və təşkilatlar ilə birlikdə işləyəcək. Proqramın hazırlanmasında həm yerli gənclər təşkilatları, həm beynəlxalq ekspertlər iştirak ediblər. Burada gənclərin inkişafı ilə bağlı bütün sahələr əhatə olunub. İnanırıq ki, beş ildən sonra bizim gənclərimiz daha bilikli, daha vətənpərvər olacaqlar, daha böyük nailiyyətlər əldə edəcəklər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında yeni Dövlət Proqramının reallaşdırılmasına gənclər təşkilatlarının fəal qoşulduqlarını bildirib. Qeyd edib ki, bu proqram əvvəlki dövlət proqramlarında əldə olunan nailiyyətlər üzərində qurulub. Yeni üçüncü Dövlət Proqramı neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində növbəti addımdır. Bu, Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq.

İntiqam Babayev bildirib ki, əvvəlki dövlət proqramı çərçivəsində 675 tədbir keçirilib, orta hesabla iki minə yaxın gəncin mübadiləsi aparılıb. Yeni proqramda isə bu işlərin əhatə dairəsi daha da genişləndirilib. 11 bölmədən və 104 bənddən ibarət proqramda insan hüquqlarının qorunması, gender bərabərliyi, yeni texnologiyalar vasitəsilə Azərbaycan mədəniyyətinin, tarixinin gənclərə çatdırılması, ölkəmizlə bağlı həqiqətlərin dünya miqyasında təbliği, gənclərin sağlamlıqlarının qorunması kimi məsələlər yer alıb. Eləcə də regionlarda gənclər arasında yeni texnologiyaların tətbiqi məsələsi əksini tapıb. Həmçinin gənclərin sağlamlığı və məşğulluğu, gənclər siyasətinin səmərəliliyinin artırılması ilə bağlı bəndlər də proqramda yer alıb.

Sonra Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov çıxış edərək bildirib ki, ölkədə gənclər siyasətinin təkmilləşdirilməsi sahəsində bir sıra qanunverici aktlar qəbul edilib, hüquqi baza formalaşdırılıb.

Proqramda insan hüquqları sahəsində mühüm məqamların əks olunduğunu deyən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova sənədin əhəmiyyətindən danışıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, Dövlət Proqramında ən vacib məqamlardan biri də gənclərin məşğulluğunun təmin edilməsidir. Gənclərin məşğulluğunun təminatı və onların sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması sahəsində mühüm layihələr həyata keçirilir. Bu işlərin davamı olaraq nazirlik tərəfindən yeni strategiya hazırlanıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı fikirlərini bildirib, təkliflərini veriblər.

Qeyd edilib ki, proqram gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılmasını, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsini və digər vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur. Proqram müxtəlif dövlət qurumları, nazirlik və komitələr qarşısında konkret məqsədlər qoyur. Sənəddə ölkə gənclərinin müasir texnologiyalara yiyələnmələri, beynəlxalq əlaqələrini gücləndirmələri təşviq olunur. Proqramda Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb.

Bildirilib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əhatə etdiyi dövrdə ölkə gəncliyinin və müxtəlif dövlət qurumlarının fəaliyyəti üçün istiqamətverici sənəd olacaq və gənclərimizin inkişafında mühüm rol oynayacaq.

Müzakirələrə yekun vuran Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərin həyatında mühüm əhəmiyyət kəsb edən sənəddir.

Azərbaycan Prezidentinin gənclər siyasəti və gənclərlə iş sahəsinə, o cümlədən gənclərin asudə vaxtlarının mənalı və səmərəli təşkil edilməsinə göstərdiyi diqqət və qayğı sayəsində bu sahədə bir sıra uğurlar əldə edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb, Gənclər üçün Prezident Mükafatı təsis edilib, Gənclər evləri istifadəyə verilib. Azərbaycan gənclərinin ölkədə gedən proseslərdə yaxından iştirakını nəzərə alaraq növbəti illərdə də vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, müstəqilliyimizin dərk edilməsi və dəyərləndirilməsi, gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınması mərasimlərinin yüksək səviyyədə keçirilməsi, o cümlədən milli qəhrəmanların gənclər arasında tanıdılması onların bilikli olmasını və informasiya texnologiyaları mühitində inkişaf etməsini zəruri edir.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, gənclərin yaradıcılığını, intellektual inkişafını stimullaşdırmaq və sağlam həyat tərzini təbliğ etmək üçün bütün sahələrdə gənc nəslin fəal iştirakına dəstək olmaq məsələsi gündəmə gəlir. Gənclərin dini ekstremizm və separatizm kimi təhlükəli və zərərli təsirlərin altına düşməməsi üçün yeni iş formalarından istifadə etmək məsələləri qarşıda durur.

Yusuf Məmmədəliyev vurğulayıb ki, Dövlət Proqramının qəbul edilməsində əsas məqsəd ölkəmizdə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq və bütün sahələrdə gənclərin fəal iştirakına şərait yaratmaqdır. Bu istiqamətdə onların yaradıcılıq potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, hərbi idman oyunlarının keyfiyyəti və kütləviliyini artırmaq, gənclərin təhsil və məşğulluq məsələləri, o cümlədən Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların keçirilməsinə nail olmaq, müasir texnologiyalardan səmərəli istifadə etmək, gənclər arasında sahibkarlıq fəaliyyətini inkişaf etdirmək mühüm vəzifələrdir.

Şöbə müdiri deyib ki, müasir gənclik durmadan inkişaf edir və onların tələbatları, istəkləri də dəyişir. Yeni Dövlət Proqramı qarşıya konkret və aydın vəzifələr qoyub. Biz çalışmalıyıq ki, gənclərimiz öz arzularını reallaşdıra bilsinlər. Qarşıya qoyulan vəzifələri həyata keçirmək məqsədilə Dövlət Proqramı üzrə Tədbirlər Planı təsdiq edilib və dövlət qurumlarının adları göstərilməklə icra müddətləri müəyyənləşib.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasının gedişinə nəzarət etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək Gənclər və İdman Nazirliyi ilə yanaşı, eyni zamanda, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinə də tapşırılıb. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi nəzdində dövlət orqanlarının bu sahəyə cavabdeh olan məsul şəxslərindən ibarət Əlaqələndirmə Şurasının yaradılması məsələsinə də baxılmalıdır.

Bu məsələ tezliklə həllini tapdıqdan sonra Gənclər və İdman Nazirliyinin Əlaqələndirmə Şurası ilə birlikdə şəhər, rayon gənclər və idman idarələri rəislərinin və gənclər təşkilatları sədrlərinin iştirakı ilə Dövlət Proqramına həsr olunmuş toplantılar keçirilməli, konkret Tədbirlər Planı təsdiq edilməli və icrasına başlanılmalıdır.

Müzakirələrlə davam edən tədbirdə bir sıra təkliflər səslənib.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 20 dəfə oxunub
All rights reserved.