11-10-2017 13:37:13

Azərbaycan yığması Millətlər Liqasının dördüncü divizionunda oynayacaq


2018-ci il Dünya çempionatına seçmə turniri başa çatdıqdan sonra Avropada gələn ilin sentyabrında start götürəcək UEFA-nın Millətlər Liqası divizionlarının tərkibi məlum olub. Qruplar üzrə bölüşdürülmə UEFA-nın yığmalara dair reytinqi əsasında keçirilib.

Millətlər Liqasında çıxış edəcək 55 Avropa yığması 4 diviziona bölünəcək. A və B divizionlarının hərəsinə 12, C divizionuna 15, D divizionuna isə 16 komanda düşüb.

Azərbaycan komandası Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Farer adaları, Latviya, Lüksemburq, Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta, Kosovo, Andorra, San-Marino və Hibraltar yığmaları ilə turnirin dördüncü divizionuna düşüb. Bu komandalar hər qrupda 3 yığma olmaqla 4 qrupa bölünəcək və birinci diviziona çıxmaq uğrunda mübarizə aparacaqlar. Qruplar üzrə püşkatma yanvarın 24-də İsveçrənin Lozanna şəhərində keçiriləcək.

A divizionu (hərəsində 3 komanda olmaqla 4 qrup): Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya, Hollandiya.

B divizionu (hərəsində 3 komanda olmaqla 4 qrup): Avstriya, Uels, Rusiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya, Türkiyə.

C divizionu (3 komandadan ibarət 1 qrup və hərəsi 4 komandadan ibarət 3 qrup): Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya, Litva.

Qrup mərhələsində oyunlar 2018-ci ilin sentyabr-noyabr aylarında keçiriləcək. A divizionunda qrupların qalibləri 2019-cu ilin iyununda “dördlərin finalı”nı keçirəcək. A, B, C divizionlarının qruplarında ən zəif komandalar aşağı diviziona düşəcək və onları müvafiq qrupların qalibləri əvəz edəcək.

Əlavə edək ki, bütün divizionların qalibləri olan 16 komanda “Avro-2020”nin final turnirinə 4 vəsiqə qazanacaq. Qarşılaşma matçları divizion daxilində keçiriləcək. Bununla da, turnirdə hər diviziondan ən azı 2 komanda iştirak edəcək.

Xəbər 12 dəfə oxunub
All rights reserved.