06-12-2018 06:10:54

Məhəbbət Vəliyeva: Sağlamlıq imkanları məhdud uşaqların təhsil şəraitinin yaxşılaşdırılması üzrə görüləcək işlər dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır



“İnklüziv təhsillə bağlı müəllimlərin peşə səriştəsinin artırılması ümumilikdə təhsilimizin humanistləşdirilməsinə və onun keyfiyyətinin artırılmasına xidmət edəcək”. Bu fikri təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

M.Vəliyeva bildirib ki, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması ilə bağlı əhali arasında məlumatlandırma işinin təşkil edilməsində müəllimlər əvəzsiz rol oynayır. Onun sözlərinə görə, müasir dövrdə cəmiyyətdə inklüzivliyin qəbul olunması vacibdir və buna aparan yol yalnız təhsildən keçmir. Bu sahənin inkişaf etdirilməsi və inklüzivlik bütövlükdə cəmiyyətin prioritetləri arasında olmalıdır.

“Cəmiyyətin hər bir nümayəndəsi bunun mahiyyətini anlamalı və onun tətbiqi ilə bağlı üzərinə düşən vəzifənin icrasına hazır olmalıdır. Cəmiyyətin inkişafına təkan verən və onu şərtləndirən başlıca amil təhsildir. Sağlamlıq imkanları məhdud uşaqlara xüsusi diqqət və qayğının göstərilməsi, onlara bərabər təhsil almaq imkanlarının yaradılması, cəmiyyətə inteqrasiya olunması vacib amillərdəndir. Sağlamlıq imkanları məhdud uşaqların təhsil şəraitinin yaxşılaşdırılması üzrə görüləcək işlər dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır. Bu istiqamətdə ölkəmizdə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” həyata keçirilir. Proqram çərçivəsində Təhsil Nazirliyinin qarşısında müəyyən öhdəliklər durur. Bu istiqamətdə müxtəlif proqram və islahatların həyata keçirilməsində dövlət qurumları ilə bərabər qeyri-dövlət təşkilatları da fəal iştirak edirlər. Qeyd olunan sahə üzrə beynəlxalq qurumlarla birgə əməkdaşlıq mütərəqqi təcrübənin ölkəmizə gətirilməsinə və bu proseslərin sürətlənməsinə təkan verir”-deyə, nazir müavini vurğulayıb.

http://www.yap.org.az

Xəbər 14 dəfə oxunub
All rights reserved.