25-01-2019 08:10:53

Hikmət Babaoğlu: Davos Forumu Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında mühüm rol oynayır



Davos Dünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün strateji platforma hesab olunur. Bunun əsas səbəbi iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və bu sessiyaların əksəriyyəti geniş miqyasda izlənilməsi üçün müxtəlif transmilli media qurumları tərəfindən birbaşa nümayiş etdirilir. Forum müddətində transmilli korporasiyaların rəhbərləri ilə dialoqların qurulması və müxtəlif ölkələrin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün əlverişli imkanlar yaradılır.

İsveçrənin Davos şəhərində keçirilən 49-cu Davos Dünya İqtisadi Forumu dünyanın diqqət mərkəzində oldu. Yüzdən çox ölkənin dövlət və hökumət rəhbərlərinin dəvət olunduğu beynəlxalq tədbirdə mindən artıq qlobal şirkətin rəhbər şəxsləri, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, aparıcı media şirkətlərinin nümayəndələri də iştirak ediblər. “Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması” devizi altında keçirilən builki Forumda qloballaşan müasir dünyanın əsas problemləri müzakirə predmetinə çevrilib.

İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır. Düşünürük ki, 49-cu Davos Dünya İqtisadi Forumunun nəticələri dünya iqtisadiyyatında müsbət meyillərin artması, milli dövlətlər arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, eyni zamanda, yeni əməkdaşlıq platformalarının formalaşdırılması baxımından mühüm əhəmiyyətə malik olacaq.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat deyib ki, Azərbaycanın Davos Forumunda uğurla təmsil olunması ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası, beynəlxalq iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi baxımından xüsusi önəm kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev Forumda müxtəlif televiziya kanallarına müsahibəsi və müzakirələrdə çıxışı zamanı həm ölkəmiz, həm də region və dünya üçün müstəsna əhəmiyyətə malik olan çox mühüm məsələlərlə bağlı fikirlər söyləyib. Eyni zamanda, Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq nüfuzu və ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi islahatların əhəmiyyəti diqqətə çatdırılıb. Prezident İlham Əliyevin Davosda transmilli şirkətlərin təsisçiləri və sədrləri ilə bir sıra mühüm görüşlər keçirməsi də Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafı kontekstində böyük əhəmiyyətə malikdir. Şübhəsiz ki, bütün bunlar Forum iştirakçılarında Azərbaycan iqtisadiyyatı və ölkəmizin iqtisadi siyasəti barədə real təsəvvür yaratmaqla əməkdaşlıq üçün yeni perspektivlərin açılacağından xəbər verir. Prezident İlham Əliyevin xeyli sayda görüşlər keçirməsi dünyanın ölkəmizə olan diqqətinin göstəricisidir və yeni tərəfdaşlıqların əsasının qoyulmasına zəmin yaradır.

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı və orada söylədiyi fikirlər böyük maraq doğurur. Mütəxəssislər Azərbaycan Prezidentinin təhlillərinə və fikirlərinə ciddi diqqət yetirirlər, dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq mətbuatın diqqət mərkəzində olur. Prezident İlham Əliyevin builki Forumda səsləndirdiyi fikirlər də çox böyük diqqət və marağa səbəb olub. Dövlətimizin başçısı yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada regional və qlobal xarakterli məsələlərə diqqət yetirdi. Bildirdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Dövlətimizin başçısı vurğuladı ki, bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Əlbəttə, Azərbaycanın əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Azərbaycan həm daxili ictimai-siyasi sabitlik amilinə və iqtisadi potensialına, həm də quru və su sərhədlərinə malik olmasına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini daim inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizdən keçir. O da qeyd edilməlidir ki, ölkəmizdə avtomobil və dəmir yollarının, beynəlxalq hava və dəniz limanlarının inkişafına çox böyük investisiyalar qoyulur. Bütün bunların hamısı gələcəyə hesablanan və perspektivdə Azərbaycandan daha çox tranzit yüklərin keçməsi üçün atılan strateji əhəmiyyətli addımlardır. Ölkəmiz tərəfindən logistika və ticarətin inkişafı istiqamətində görülən işlər, Azərbaycanın tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən dövlət siyasəti və qlobal miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Bütün bunlar Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir.

Azərbaycanın xarici siyasətinin ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Bunun üçün Azərbaycan ötən illər ərzində mühüm, dərin strateji diplomatiya siyasəti həyata keçirməklə, ilk növbədə, problemin həlli ilə bağlı yeni şərtlər formalaşdırmağa nail olub. Bu şərtlərin formalaşdırılması mühüm strateji istiqamətlər üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü siyasət sayəsində mümkün olub. İlk növbədə, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, regional və beynəlxalq təşkilatlarla ölkəmizin bərabərhüquqlu tərəfdaşlığa nail olması, ikincisi isə, regionda ermənilərlə ənənəvi əlaqələri olan və daha çox Ermənistanın tərəfdaşı kimi tanınan ölkələri öz tərəfdaşına çevirməsi siyasəti həyata keçirilib. Eyni zamanda, Azərbaycan regional əməkdaşlığı prinsipial mövqe olaraq müəyyənləşdirməklə tərəfdaş ölkələrin milli maraqlarını da öz milli maraqları ilə uzlaşdırmağı bacarıb. Hazırda Ermənistan həm regionda, həm də beynəlxalq aləmdə Azərbaycanın nüfuzu qarşısında küncə sıxışdırılmış vəziyyətə düşüb, ənənəvi müttəfiqlərini də itirib. Azərbaycan Prezidentinin də dediyi kimi, Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdirib və işğal faktı davam etdikcə həmin siyasəti davam etdirəcəyik. Yeni reallıq və Ermənistanın bu cür küncə sıxışdırılması onun öz ənənəvi müttəfiqləri ilə münasibətlərinin korlanmasına gətirib çıxarıb ki, ötən ilin aprelində başlayıb dekabr ayında sona çatan hadisələrdə biz bir daha bunun şahidi olduq. Ona görə də Azərbaycan 2019-cu ilə yeni yaratdığı geosiyasi reallıqlarla qədəm qoyub. Bu reallıqlar ölkəmizin lehinədir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər yaradır. Elə Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə Prezident İlham Əliyevin və Ermənistanın baş nazirinin Davosda görüşməsini də bu perspektivlər kontekstində qiymətləndirmək lazımdır. Artıq qeyri-rəsmi formatda belə görüş Sankt-Peterburqda və Düşənbədə baş tutub. Davos görüşü isə bir qədər daha fərqli formada, vasitəçilərin iştirakı olmadan baş tutdu. Bu, özlüyündə müsbət hal olmaqla ilk dəfədir ki, baş verir. Məsələ ondadır ki, Prezident İlham Əliyev 2019-cu ildə problemin həlli istiqamətində danışıqlara yeni impulsların daxil olacağı barədə fikirlər səsləndirmişdi. 2019-cu ildə həmsədrlərin iştirakı ilə xarici işlər nazirlərinin görüşməsi, bu görüşün 4 saat davam etməsi və bundan sonra BMT baş katibinin və Avropa İttifaqının bəyanatla çıxış edərək danışıqları müsbət qiymətləndirməsi özlüyündə yeni dinamikadır və müəyyən ümidlər yaradır. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq problemin həllini zəruri edir və bu, Ermənistanda da dərk edilən reallığa çevrilməkdədir. Ona görə də əgər fövqəladə bir hadisə baş verməsə, 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində intensiv və nəticəyə yönəlik danışıqlar prosesinin davam etdiriləcəyini müşahidə edə bilərik. Azərbaycanın prinsipial mövqeyi qəbul edilir və danışıqlar prosesi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı çərçivəsində aparılır.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 217 dəfə oxunub
All rights reserved.
Error