08-01-2018 10:37:42

Binəqədi rayonundakı Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olunur-FOTOLAR



Paytaxtın Binəqədi rayonundakı Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olunur.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Küçənin uzunluğu 1,8 kilometr, eni isə 9 metr təşkil edir. Məlumata əsasən, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Daha sonra yolun hərəkət hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Bundan əlavə, vətəndaşların rahat və təhlükəsiz hərəkəti məqsədilə 2-3 metr enində yeni piyada səkiləri qurulur, mövcudları isə bərpa olunaraq asfaltlanır.

Yol boyu piyada səkilərinin kənarlarına yeni səki daşları düzülür.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üçünsə yeni baxış qapaqları qoyulacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.

İşlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Qeyd olunub ki, Bakıda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn küçələrin əsaslı şəkildə təmiri istiqamətində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, mövcud kommunikasiya xətləri bərpa olunur və ya yeniləri çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Aidiyyəti qurumlarla birgə aparılan işlər gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

 

AzərTac İnformasiya Agentliyi (www.azertag.az)

Binəqədi rayonundakı Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olunur
 
 
 
 


Xəbər 23 dəfə oxunub
All rights reserved.