22-11-2018 12:17:39

YAP Binəqədi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirildi-FOTOLAR



21 noyabr 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdən öncə iştirakçılar YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoydular.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının və rayon təşkilatının fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başlandı.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qeyd etdi ki, YAP-ın yaradılması müstəqil Azərbaycan tarixində mühüm bir hadisədir. Ulu öndərimiz Heydər Əliyev qüdrətinin məhsulu olan YAP-ın yaradılması tarixi zərurət idi. Partiyamızın yaranmasının 26-cı ildönümü əlamətdar bir ilə təsadüf edir. Biz bu il bütün tərəqqipərvər bəşəriyyətlə birlikdə Azərbaycan dövlətçiliyinin tarixində çox mühüm bir dövr olan, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edirik. Ramiz Göyüşov çıxışında onu da vurğuladı ki, bu il həm də respublikamızın həyatında çox mühüm hadisə olan Prezident seçkiləri keçirildi. Həmin gün azad, şəffaf, demokratik şəraitdə, siyasi rəngarənglik fonunda seçkilər keçirildi və  seçicilər axın-axın seçki məntəqələrinə gələrək  öz namizədinə səs verdilər. Bu seçkilərdə səsvermək hüququ olan əhalinin  mütləq əksəriyyəti 83.02 faizi Yeni Azərbaycan Partiyasının namizədinə, hazırki Prezidentimizə, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə səs verdi. Bu qələbənin kökündə ümummilli liderimiz Heydər Əliyevin ideyaları, onun tərəfindən müəyyənləşdirilmiş strateji xətt, inkişaf strategiyası dayanırdı. Müasir tarixi şəraitə uyğun olaraq bu strateji xətti 2003-cü ildən başlayaraq uğurla davam etdirən İlham Əliyevin gərgin zəhməti, tükənməz enerjisi dayanır.
Tədbirdə geniş nitq söyləyən Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin  üzvü Eldar İbrahimovun sözlərinə görə Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın 26 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir.
Millət vəkili Kamaləddin Qafarov çıxışında ötən 15 ilə yaxın bir müddət ərzində cənab İlham Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə əldə edilmiş uğurlar barədə ətraflı danışdı. Cənab prezidentimizin müəllifliyi və rəhbərliyi ilə ölkəmiz irimiqyaslı beynəlxalq layihələrə uğurla imza atıb. Bu layihələr ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, dövlətimizin iqtisadi qüdrətinin və vətəndaşlarımızın sosial durumunun daha da yaxşılaşdırılmasında mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə keçirilən beynəlxalq layihələr, təşəbbüslər, humanitar forumlar, sivilizasiyalar və dinlər arası dialoqlar, beynəlxalq idman yarışları Azərbaycanın beynəlxalq nüfuzunu durmadan artırır.
“İki Sahil” qəzetinin baş redaktoru, YAP-ın Siyasi  Şurasının üzvü Vüqar Rəhimzadə isə çıxışında bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından bizləri 26 illik zaman ayırır. Təsis konfransını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün xalqın partiyasına çevrilərək, ulu öndər Heydər Əliyevin ideyalarının, həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi davamlı uğurları ilə diqqət mərkəzindədir. Ən əsası bu günümüzün reallıqları ulu öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında əksini tapan arzu və istəklərinin təsdiqidir. Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Bu gün 750 minə yaxın insanı sıralarında birləşdirən partiya, dünya təcrübəsində analoqu olmayan bu mühüm uğura da imza atıb ki, yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirir, 26 illik tarixini qələbələr və uğurlarla zənginləşdirir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev tədbirdə yekun nitq söyləyərək diqqətə çatdırdı ki, ümumilli liderimiz Heydər Əliyevin zəkasının məhsulu olan Yeni Azərbaycan Partiyasının yaradılması müasir müstəqil Azərbaycanın tarixində bir dönüş nöqtəsi kimi yadda qaldı. İndi hər kəsə aydındır ki, o zaman bu partiya yaranmasaydı, ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəlməsəydi yəqin ki, ölkəmiz indiki kimi olmayacaqdı. 26 ildir ki, Yeni Azərbaycan Partiyası inkişaf yolumuza məşəl tutaraq ölkəmizi uğurlara aparmaqdadır. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını, cənab prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev uğurla həyata keçirir və bunun nəticəsidir ki, bu gün ölkəmiz regionda güc amilinə, Avropada və Dünya birliyində söz sahibinə çevrilib. Bütün bu uğurların əldə edilməsində sözsüz ki, Cənubi Qafqazın ən nüfuzlu partiyası olan Yeni Azərbaycan Partiyasının   öz yeri, öz payı var. Elxan Allahverdiyev Yeni Azərbaycan Partiyasının bütün üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edərək ölkəmizin daha da güclənməsi və əhalimizin rifah halının yaxşılaşdırılması yolunda fəaliyyətlərində yeni-yeni uğurlar arzu etdi.
Tədbirdə həmçinin YAP Binəqədi rayon təşkilatının ictimasi-siyasi həyatında fəal iştirak edən bir qrup YAP fəalı YAP-ın yaradılmasının 26-cı ildönümü və yubileyləri münasibətilə Fəxri Fərmanla təltif edildilər. YAP sıralarına yeni üzv qəbul edilmiş bir qrup gəncə partiya üzlük vəsiqəsi təntənəli təqdim edildi.
Daha sonra tədbir bədii hissə ilə davam etdirildi. Binəqədi rayonunun istedadlı gənclərinin ifasında YAP-a və vətənpərvərlik mövzusuna həsr olunmuş mahnılar, şeirlər səsləndirildi.

 

Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirildi
 
 
 
 
 
 
 
 
 
 
 
 
1 2

Xəbər 305 dəfə oxunub
All rights reserved.